AZ

"Vəhdət" sədri Prezidentin müsahibəsindən danışdı: "Azərbaycan regionda sabitliyi təmin edir"

Azərbaycanın son illərdə apardığı balanslı, prinsipial və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni siyasi platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi məqamlar məhz bu siyasətin konkret nəticələrini və qlobal miqyasda yaratdığı reallıqları əks etdirir.

Bu fikirləri Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə münasibət bildirən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib.

Partiya sədri bildirib ki, müsahibədə qeyd olunan məsələlər Azərbaycanın regionda sabitlik yaradan, enerji təhlükəsizliyinə töhfə verən və beynəlxalq layihələrdə etibarlı tərəfdaş olan dövlət kimi mövqeyini bir daha yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin müsahibəsində toxunduğu mühüm məqamlardan biri - hazırda Azərbaycan–ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi ilə bağlı olub. Belə ki, müsahibədə vurğulanan məsələlərdən də aydın görünür ki, ABŞ-da Prezident Donald Tramp administrasiyasının hakimiyyətdə olduğu dövrdə iki ölkə arasında münasibətlər daha praqmatik, qarşılıqlı maraqlara əsaslanan və nəticəyönümlü mərhələyə daxil olduğu vurğulanıb.

“Cənab Prezidentin fikirləri Azərbaycan–ABŞ əlaqələrində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir”

Bu məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–ABŞ əlaqələrində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Onun sözlərinə görə, hazırkı mərhələdə münasibətlər ideoloji yanaşmalardan və ikili standartlardan kənar, konkret siyasi, təhlükəsizlik və iqtisadi maraqlar üzərində qurulur:

“Cənab Prezidentin müsahibəsi beynəlxalq aləmdə də maraqla qarşılanıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi fikirlər isə bir çox ölkələrin siyasi dairələrində ciddi maraq doğurub. Dövlət başçısının qeyd etdiyi kimi, bu mühüm nəqliyyat və kommunikasiya xəttinin açılacağı artıq ABŞ Prezidenti tərəfindən də açıq şəkildə təsdiqlənib. Bu amil Zəngəzur dəhlizinin regional deyil, daha geniş geosiyasi və iqtisadi əhəmiyyətə malik olduğunu göstərir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, nəqliyyat-kommunikasiya xətlərinin açılması sülhün əsas təminatlarından biridir”.

Partiya sədri xatırladıb ki, Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişi və imzalanmış birgə bəyannamə münasibətlərin normallaşdırılması istiqamətində mühüm siyasi sənədlərdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proses beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən dəstəklənir. ABŞ Prezidenti Donald Trampın da həmin Bəyannaməyə imza atması Vaşinqtonun regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olduğunu göstərir.

Adəm İsmayıl Bakuvi hesab edir ki, hazırda Azərbaycan–ABŞ əlaqələri daha çox praktik nəticələrə hesablanmış əməkdaşlıq mərhələsinə qədəm qoyub. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika layihələri və təhlükəsizlik sahəsində əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan bu münasibətlər gələcək dövrdə də inkişaf edəcək.

Müsahibədə 907-ci düzəlişin Azərbaycan üçün yaratdığı siyasi ədalətsizlik ifadə olunub

Dövlət başçısının müsahibəsində xüsusi yer ayırdığı mövzulardan biri Azərbaycan–ABŞ münasibətləri və bu münasibətlərə uzun illər mənfi təsir göstərmiş 907-ci düzəliş məsələsi olub. Prezident İlham Əliyev müsahibədə bu düzəlişin tarixi kontekstini, onun mahiyyətini və Azərbaycan üçün yaratdığı siyasi ədalətsizliyi açıq şəkildə ifadə edib.

“Cənab Prezidentin bu məsələni xatırlatması təsadüfi deyil. Çünki 907-ci düzəliş Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə qarşı tətbiq edilmiş ən qərəzli siyasi mexanizmlərdən biri olub. Dövlət başçısının müsahibədə vurğuladığı kimi, həmin dövrdə Azərbaycan ağır iqtisadi vəziyyətlə, yüz minlərlə qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə idi və belə bir şəraitdə beynəlxalq yardımlardan məhrum edilməsi açıq-aşkar ikili standartların təzahürü idi”.

Partiya sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müsahibədə xatırlatdığı kimi, 907-ci düzəlişin dayandırılması uzun və mürəkkəb diplomatik səylərin nəticəsi olub və burada əsas məqamlardan biri də ondan ibarətdir ki, 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi Azərbaycanın iqtisadi imkanlarına real təsir göstərmir: “Dövlət başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycan güclü iqtisadiyyata, böyük maliyyə ehtiyatlarına və müstəqil qərarvermə imkanlarına malik dövlətdir. Bu cür addımlar yalnız siyasi və mənəvi baxımdan ABŞ-ın əvvəlki administrasiyasının qeyri-ardıcıl mövqeyini nümayiş etdirir”.

Seçilən
39
aznews.az

1Mənbələr