AZ

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

Zaqatala, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. 2025-ci ildə rayonda fəaliyyət göstərən “Ləcheq Farm and Distillery” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində 127 kiloqram qızılgül və 248 kiloqram lavanda yağı istehsal edilib.

Müəssisədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 173 hektar “Dəməşq qızılgülü”, həmçinin 10 hektar lavanda və 1 hektara yaxın nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır.

Ötən il plantasiyalardan 528 ton qızılgül və 27 ton lavanda ləçəyi toplanıb. Bundan əlavə, nanə plantasiyasından 1 ton məhsul yığılıb və 2 kiloqramadək nanə yağı istehsal olunub.

Müəssisədə istehsal edilən məhsulların hamısı ixracyönümlüdür. 2025-ci ildə burada istehsal olunan efir yağları, əsasən, Bolqarıstan, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.

Seçilən
80
azertag.az

1Mənbələr