Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurası və Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı məsələlərə də münasibət bildirib.
O, xarici siyasətlə bağlı önəmli nailiyyətlərdən biri kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsini ayrıca qeyd edib.
Vurğulanıb ki, Azərbaycanın bu Şuraya tamhüquqlu üzv qəbul olunması bölgələrarası əməkdaşlığın genişlənməsinə, Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşməsinə təkan verəcək.
Yeri gəlmişkən, 2025-ci il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışlarda da bu məsələ vurğulanmışdı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirmişdi ki, Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə iki region arasında güclü körpü qurulacaq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açılacaq.
"Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq", - o deyib.
Sammit iştirakçıları bu formatın regional və qlobal əhəmiyyətini, özünəməxsus platformaya çevrildiyini qeyd ediblər.
Prezident İlham Əliyev də çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığını vurğulayaraq iştirakçıları çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirdiyini bildirmişdi.
Qeyd edək ki, son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub. Bu müddət ərzində Mərkəzi Asiya ölkələrinin liderləri 23 dəfə Azərbaycana səfər ediblər. Təbii ki bu fakt Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin bir-biri üçün önəminin göstəricisidir.
Dövlət başçısı onda qeyd etmişdi ki, Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. İlham Əliyev işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini də yüksək qiymətləndirmişdi. Prezident Azərbaycan və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd, körpü olduğunu qeyd edərək Orta Dəhlizin inkişafının strateji əhəmiyyətini vurğulamışdı.
"Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir", - Azərbaycan lideri vurğulayıb.
Dövlət başçısı bu kontekstdə yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Mərkəzi Asiya-Azərbaycan birliyi və C5 formatının C6-ya çevrilməsinin dünya üçün böyük əhəmiyyət daşıdığını bildirib.
C6 qarşılıqlı əlaqələrin, əməkdaşlığın və müttəfiqliyin güclənməsi üçün mühüm platformadır.
Sözügedən müsahibədə Mərkəzi Asiya-Azərbaycan birliyinin bağlantılar, nəqliyyat, logistika baxımından bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıdığı qeyd olunub, Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkənin Azərbaycan olduğu vurğulanıb.
Əlbəttə, başqa marşrutlardan istifadə edilməsi də mümkündür. Lakin Prezidentin də dediyi kimi, mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə də bu istiqamətdə Azərbaycanın rolu, etibarlı tərəfdaş kimi mövqeyi getdikcə daha da artacaq.
Dövlət başçısı müsahibəsində Azərbaycandan keçən yüklərin artdığını, ilk dəfə olaraq 100 min konteyneri keçdiyini söyləyib. O bunun başlanğıc olduğunu qeyd edərək bu rəqəmin dəfələrlə artacağını da vurğulayıb.
Azərbaycan Prezidenti bu əminliyi ilə həm də ölkənin iqtisadi, geosiyasi potensialını nümayiş etdirir.
Dövlət başçısı müsahibəsində C6-nın regionlararası əhəmiyyətindən danışmaqla onun qlobal miqyasda cəlbediciliyinə də diqqət çəkib. O deyib ki, Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur.
Bu, həm də dünyanın aparıcı güclərindən olan Çinin Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı nəticəsində reallaşır. Başqa sözlə, Pekin C6 ilə əməkdaşlıqda maraqlıdır. Dövlət başçısı vurğulayıb ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq: "Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək".
Bu format altı dövlətin iqtisadi, mədəni, siyasi, energetika, təhlükəsizlik sahələrində əməkdaşlığına, üzv dövlətlərin və bölgələrin maraqlarının üstün tutulmasına da təkan verər.
Son illər Mərkəzi Asiya ölkələrində və region dövlətləri arasında münaqişələr yaşanıb. Hətta bu hadisələr dinc sakinlərin itkisi ilə nəticələnib. Daxili və ikitərəfli qarşıdurmalar vasitəçilərin, kənar müdaxilələrin iştirakı olmadan həll edilib. C6 isə bu kimi hadisələrin baş verəcəyi ehtimalını sıfıra yaxınlaşdırır. Odur ki, Mərkəzi Asiya-Azərbaycan birliyi xarici müdaxilə olmadan əməkdaşlığın, əlaqələrin və müttəfiqliyin inkişafı üçün ən optimal platformadır.
Prezident müsahibəsində TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub, ötən il oktyabrın 7-də TDT-nin Qəbələdə keçirilən Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü Türk dünyası birliyini bir daha əks etdirən bir Zirvə kimi dəyərləndirib. Onun sözlərinə görə, rəsmi Bakının təşəbbüsü ilə TDT qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlayıb. İlk belə görüşün Şuşada keçirildiyi qeyd edilib. Təşkilatın müşahidəçi üzvü Macarıstanda da qeyri-rəsmi Zirvənin olduğu vurğulanıb.
Dövlət başçısı bildirib ki, hər bir ölkə, ilk növbədə, öz hərbi potensialını və təhlüksizliyini gücləndirməlidir. Müxtəlif bölgələrdə baş verən hadisələr də bunu təsdiqləyir.
Bu kimi məsələlər 2009-cu ildə imzalanan "Naxçıvan Sazişi"nin "Sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr" bəndində də yer alır.
Xatırladaq ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türk Dövlətləri Təşkilatının (O zaman təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası idi -red.) əsası qoyulub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları bununla bağlı saziş imzalayıb.
Prezident ötən il Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil: "Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir".
Azərbaycan lideri Zirvə Görüşündə TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Dövlət başçısı deyib ki, dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
Odur ki, Prezident sözügedən müsahibəsində bu məsələni bir daha vurğulayıb. "Hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək...", -deyə qeyd edib.
Bir sözlə, dövlət başçısı bu müsahibəsində C6 və TDT-nin bir-birinə nə qədər faydalı olduğunu göstərib.
Beləliklə, Mərkəzi Asiya-Azərbaycan birliyi iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlığı inkişaf etdirdikcə onların təhlükəsizliyi də gündəlik məsələyə çevriləcək. C6-nın təhlükəsizliyi həm də TDT-nin təhlükəsizliyidir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı birliyin ən yaxın, etibarlı müttəfiqi ola bilər.(Report)