AZ

Regional və beynəlxalq aktorlar Azərbaycanın yaratdığı reallığı qəbul edirlər ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibəsi zamanı bir sıra mühüm məqamlar səsləndirildi. Müsahibədə ötən il ərzində ölkəmizdə baş vermiş əhəmiyyətli hadisələrə toxunuldu, eyni zamanda, dövlətimizin başçısı regional və beynəlxalq məsələlərlə bağlı mövqeyini ifadə etdi. Qeyd olundu ki, müasir beynəlxalq münasibətlər sistemində xaos, anarxiya və beynəlxalq hüquqa laqeyd münasibət davam etməkdədir. Bu isə qlobal miqyasda təhlükə və təhdidlərin artmasına səbəb olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, dövlətlər artıq öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün müxtəlif vasitələrə əl atırlar. Digər tərəfdən güclü dövlətlərin və imperialist qüvvələrin zəif dövlətləri nəzarət altında saxlamaq cəhdləri də artmaqdadır. Bu xüsusda Azərbaycan tarixi Qələbəyə imza ataraq öz torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, suverenliyini və konstitusion quruluşunu bərpa etdi. Qələbəmizin beş ili ərzində regional və beynəlxalq geosiyasi aktorlar bu reallığı qəbul edib və onunla hesablaşıblar.

“Bu gün Azərbaycan öz gücünü artırmaqda davam edir. Yeni silah-sursatın alınması və istehsalı prosesi genişlənir, xüsusi təyinatlı qüvvələrin say tərkibi artırılır. Eyni zamanda, müasir silahlar və süni intellekt əsaslı texnologiyalar Azərbaycan Silahlı Qüvvələrində tətbiq olunmaqdadır. Biz öz gücümüzü və hərbi potensialımızı artırmalıyıq ki, təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edə bilək. Bu, yeni dövrün əsas çağırışıdır. Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsində hərbi və təhlükəsizlik təyinatlı xərclər prioritet istiqamət təşkil edir. Bununla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpasına böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, təhlükəsizlik məsələləri hər zaman ön planda saxlanılır”, - deyə İ.Hüseynov vurğulayıb.

Politoloq hesab edir ki, qarşıdakı dövrdə də Azərbaycan öz gücünü daha da artırmalı və dünyanın ən aparıcı silahlı qüvvələrinə malik ölkələrindən birinə çevrilməlidir. Bunun üçün dövlət tərəfindən geniş imkanlar, güclü siyasi iradə və davamlı dəstək mövcuddur.

Seçilən
99
azertag.az

1Mənbələr