AZ

Azərbaycan klubunun rəsmisi: Çelenc Kubokunda növbəti mərhələyə yüksələcəyimizə inanırıq

Bakı, 7 yanvar, AZƏRTAC

Komandamız bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində çox çətin oyun keçirəcək. Öz meydanımızda uduzsaq da, cavab görüşündə daha inamlı və aqressiv oyun göstərərək vəziyyəti dəyişməyə çalışacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət “Xilasedici” klubunun meneceri Onat Kurt Belçikada “Lindemans” komandası ilə keçiriləcək cavab qarşılaşması barədə danışarkən deyib.

Mütəxəssis Bakıdakı ilk matçda 0:3 hesablı məğlubiyyətə baxmayaraq, komandasının mərhələ adlayacağına inandığını bildirib: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Oyunçularımız buna qadirdir və inanırlar. Necə ki, 1/32 finalda Rumıniyanın “Styaua” klubu ilə matçda bacardıq, burada da eyni əzmkarlıqla uğur qazanıb növbəti mərhələyə yüksələcəyik”.

Rəqib komanda haqqında danışan klub rəsmisi Belçika təmsilçisinin oturuşmuş və fiziki baxımdan hazırlıqlı kollektiv olduğunu söyləyib: “Onlar gənc, fiziki cəhətdən güclü və müdafiə-blok sistemi yaxşı qurulmuş komandadır. Uzun illərdir eyni oyunçularla çıxış etdikləri üçün sistemləri oturuşub və buna görə də bir-birilərini yaxşı tanıyırlar. Belə komandaya qarşı oynamaq çətin olsa da, oyunumuzu düzgün qursaq, sürətli oynasaq və mərkəz hücumlarından daha çox istifadə etsək, mərhələ keçmək mümkündür”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Seçilən
96
azertag.az

1Mənbələr