AZ

Prezident məşhur Xalq artistini təltif etdi

Prezident İlham Əliyev Xalq artisti Cahangir Novruzovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

“Yeni Sabah” xəbər verir ki, o, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Qeyd edək ki, Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub.

O, 1971-ci ildə orta məktəbi bitirib. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976–1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum ya Ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

2011-ci il iyulun 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki fәaliyyәtlәrinә görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

2014-cü ilin aprelində “TÜRKSOY-un 20 illiyi” yubiley medalına, 23 dekabr 2015-ci ildə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülüb.

Oljas Janaydarmovun “Dans Plus” əsərinin səhnələşdirdiyinə görə 2 dekabr 2016-cı ildə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi” medalı ilə təltif olunub.

27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Aktyor Cahangir Zeynalovun nəvəsi, aktrisa Nəsibə Zeynalovanın oğludur.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
105
3
yenisabah.az

4Mənbələr