"Azərbaycan Prezidenti daim real siyasi proseslərdən çıxış edərək praqmatik siyasət həyata keçirib. Məhz bu praqmatizm nəticəsində Azərbaycan həm beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora, həm də qalib ölkəyə çevrilib. Bu baxımdan həm coğrafi mövqe, həm də hərbi-siyasi imkanlar baxımından Qəzzaya bizdən daha yaxın olan ölkələr ilk növbədə bu fəlakət barədə düşünməlidirlər. Çünki problemin real həlli imkanları məhz həmin ölkələrin – xüsusilə də Ərəb Liqasına üzv dövlətlərin əlindədir. Onların zəngin yeraltı resursları, böyük iqtisadi və maliyyə potensialı, eləcə də Qəzza və Fələstinlə coğrafi yaxınlığı var. Düşünürəm ki, Azərbaycan Prezidenti də məhz bu reallığa işarə edib. Biz torpaqlarımızın işğal altında olduğu dövrdə kənardan real yardım görmədik. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istəyən dövlətlərin mövqeyinə şahid olmadıq. Əksinə, bu gün “əzilən” kimi təqdim olunan bəzi coğrafiyalarda ermənipərəst mövqelərin sərgiləndiyini gördük. Hətta Fələstinin bəzi siyasi liderləri erməniləri “əzilən xalq” kimi qiymətləndirərək onların Qarabağda guya haqlarının olduğunu iddia ediblər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dövlət başçısı bildirib ki, Azərbaycanın hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirakı ümumiyyətlə nəzərdə tutulmur. Prezident qeyd edib: "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. Mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.
Deputat qeyd edib ki, təəssüf ki, bu yanaşma bu gün də davam edir.