AZ

Kiyevə dəstək Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin prioriteti olacaq

Bakı, 7 yanvar, AZƏRTAC

Kipr Respublikasının 2026-cı ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə rəsmi Nikosiyanın qarşısına qoyduğu əsas vəzifələrdən biri Kiyevə dəstəyin təmin edilməsi olacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ada dövlətinin Prezidenti Nikos Xristodulidis çərşənbə günü rəsmi səfər çərçivəsində Nikosiyaya gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra X sosial şəbəkəsində yazıb. Zelenski Kiprin Aİ Şurasına sədrliyinin başlanmasına həsr olunmuş rəsmi mərasimdə iştirak edib.

Xristodulidisin Zelenskiyə ünvanladığı yazılı bəyanatda qeyd olunur: “Ukrayna sədrliyimizin mərkəzi prioriteti olacaq və biz onun bütün səviyyələrdə davamlı dəstəklənməsinin təmin edilməsi istiqamətində çalışacağıq. BMT Nizamnaməsinin müddəalarına əsaslanan, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət prinsiplərinə söykənən ədalətli və davamlı sülhün bərqərar olunması istiqamətində gördüyünüz işləri qətiyyətlə dəstəkləyirik”.

Kipr Prezidenti görüşü səmərəli adlandırıb və bir neçə həftə əvvəl Kiyevdə səfərdə olduğunu xatırladıb. Həmin dekabr səfəri zamanı Nikos Xristodulidis Aİ Şurasına sədrliyi dövründə Kiprin Avropa İttifaqının genişlənməsi prosesinə, kollektiv təhlükəsizliyin və Avropa birliyinin demokratik dayanıqlığının möhkəmləndirilməsinə hərtərəfli dəstək göstərəcəyini, eyni zamanda Ukraynanın “Avropa perspektivlərinin qorunması və möhkəmləndirilməsi üçün zəruri olan bütün addımları atacağını” bəyan edib.

 

Seçilən
87
azertag.az

1Mənbələr