Hazırda Avropada təhlükəsizlik üçün təhlükəsizlik modeli müzakirə olunur...
Avropanın ABŞ-la münasibətlərdə Qrenlandiya məsələsini Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri qarşılığında gündəmə gətirə biləcəyi ehtimal olunur.
Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinə danışan avropalı diplomat mümkün ssenarilərdən birinin paket razılaşma olduğunu bildirib.
Diplomatın sözlərinə görə, “təhlükəsizlik müqabilində təhlükəsizlik” modeli çərçivəsində Avropa Tramp administrasiyasından Ukrayna ilə bağlı daha sərt və konkret təhlükəsizlik təminatları əldə edə, bunun qarşılığında isə ABŞ-ın Qrenlandiyada rolunun genişlənməsinə razılıq verə bilər.
Politico yazır ki, bu variant siyasi baxımdan “acı dərman” sayılsa da, alternativlərlə müqayisədə daha az riskli görünür. Nəşrin təhlilinə əsasən, Donald Trampı qəzəbləndirmək sanksiyalar, ABŞ-ın sülh səylərindən geri çəkilməsi və ya Ukrayna danışıqlarında Vladimir Putinə dəstək kimi nəticələr doğura bilər.
Məqalədə vurğulanır ki, Avropada bu cür ssenarilər açıq şəkildə təsdiqlənməsə də, ABŞ-ın Qrenlandiyaya artan marağı və Ukrayna müharibəsi ətrafında qeyri-müəyyənlik fonunda pərdəarxası müzakirələr intensivləşir. Analitiklər hesab edirlər ki, bu yanaşma Avropa üçün strateji güzəştlərlə yanaşı, ciddi siyasi və ictimai risklər də yarada bilər.
Poliqon.info