Berlin, 7 yanvar, AZƏRTAC
Berlinin cənub-qərbində bir neçə gün davam edən genişmiqyaslı elektrik kəsintisindən sonra enerji təchizatının bərpasına başlanılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, elektrik şəbəkəsi operatoru bütün evlərin və obyektlərin mərhələli şəkildə enerji ilə təmin olunacağını açıqlayıb.
Dekabrın 4-də Berlinin Steqlits-Zehlendorf rayonunda kabel körpüsünə edilən hücum Berlində müharibədən sonra ən uzunmüddətli elektrik kəsintisinin baş verməsinə səbəb olub. Hadisə nəticəsində 45 min ev təsərrüfatı və 2200 müəssisə bir neçə gün elektriksiz qalıb. Berlinin meri Kai Veqner elektrik enerjisi kəsintisinin, ümumilikdə 100 min nəfərə təsir etdiyini açıqlayıb.
Hadisənin məsuliyyətini Berlində və Brandenburq əyalətində dəfələrlə infrastruktura qarşı hücumlar həyata keçirdiyi iddia olunan sol ekstremist “Vulkan qrupu” öz üzərinə götürüb. Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar aparır. İstintaq tədbirlərini Almaniya Federal Baş Prokurorluğu öz üzərinə götürüb. Hadisə konstitusiya quruluşu əleyhinə təxribat, terror təşkilatına üzvlük, qəsdən yanğıntörətmə və ictimai müəssisələrin fəaliyyətinə müdaxilə şübhələri ilə araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri