Venesuelanın neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi -bəzi dövrlərdə cəmi 10 faizi ilə işləyir. Ölkənin əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir. Burada çıxarılan xammal əsasən çox “ağır” neft: API göstəricisi adətən 7-9 aralığında olur, qətran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır.
Bu xammal beynəlxalq bazara isə seyrəltmə və qarışdırma yolu ilə çıxarılır. Məsələn, “Merey 16” markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə dənormal şəraitdə “Brent” neftindən 12-15 dollar ucuz satılır. Sanksiya və digər risklər artanda isə “Brent”dən 20 dollar da ucuz ola bilir. Orinoko neftini ixraca uyğunlaşdırmaq üçün nafta və yüngül neft kimi seyrəldicilər lazımdır. Bu komponentlər çatmayanda hasilat birbaşa boğulur.
2025-ci ilin son göstəricilərinə görə Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Hasilatı artırmaq üçün əsas məhdudiyyətlər köhnə hasilat infrastrukturu, texniki servis çatışmazlığı, seyrəldici təminatı və investisiya qıtlığıdır. ABŞ Enerji Məlumatları Administrasiyası (EIA) və bazar monitorinq şirkətlərinin qiymətləndirməsinə görə, bu problemlər mərhələli şəkildə aradan qaldırılsa,12-18 ay ərzində hasilatıgündə 1,2 milyon barrel, 2-3 il ərzində isə 1,5-2,0 milyon barrel səviyyəsinə çatdırmaq mümkündür. 3 milyon barel və yuxarı hasilat isə yalnız irihəcmli kapital qoyuluşu və texnoloji yenilənmə tələb etdiyi üçün 4-6 illik zaman intervalında real görünür.
Hazırdaqlobal gündəlik neft tələbatı təxminən 104 milyon barreldir.Bu baxımdan bazara gündə əlavə 1 milyon barelin çıxması tələbatın təxminən 1 faizinə, 2 milyon barrel isə 2 faizə bərabərdir. Rəqəm baxımından kiçik görünsə də, neft bazarında qiyməti çox vaxt məhz bu xırda dəyişikliklər formalaşdırır.
Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satış ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün görünmür. Bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq.
Əgər proseslər 2026-nın sonuna doğru stabilləşərsə, real bazara təsiri 2027-ci ildən hiss oluna bilər.Bu mərhələdə hasilatın 1,3-1,5 milyon barrel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da qlobal tələbatın təxminən 1-1,5 faizi deməkdir. Belə artım bazarı sarsıtmaz, lakin neft qiymətlərinin yuxarı həddinə 5-7 dollar aralığında aşağı yönlü məhdudlaşdırıcı təsir göstərə bilər.
Əgər 2028-2029-cu illərdə hasilat 1,8-2,0 milyon barrel/gün səviyyəsində sabitləşərsə, Venesuela artıq neft bazarında struktur faktoru kimi çıxış etməyə başlayacaq. Bu mərhələdə əsas effekt birdəfəlik qiymət enişi yox, neftin uzunmüddətli tarazlıq səviyyəsinin aşağı çəkilməsi olar və yüksək qiymətlərin formalaşması daha da çətinləşər.
Daha uzaq perspektivdə, əgər Venesuela 5-6 il ərzində hasilatı 3 milyon barrel/gün səviyyəsinə çatdıra bilsə, bu artıq qlobal bazar üçün şok deməkdir. Belə həcmdə əlavə təklif OPEC tərəfindən tam kompensasiya olunmazsa, “Brent”in qiymətinin uzun müddət 60 dollar intervalından yuxarı qalması çətinləşəcək və bazar aşağı diapazonda sıxışacaq.
Əgər buna bənzər ssenariİran üzərində də qurularsa və iki ölkə birlikdə gündə 5–6 milyon barrel əlavə təklif formalaşdırarsa, bu artıq qlobal neft bazarında oyun qaydalarını dəyişən vəziyyət olacaq. Belə bir şəraitdə “Brent” üçün 50 dollar səviyyəsi yeni normaya çevrilə, yüksək qiymətlər isə yalnız fövqəladə geosiyasi şoklarla mümkün ola bilər.

Eldəniz Əmirov
İqtisadçı-ekspert