ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonun Venesuela ilə bağlı planının üç mərhələdən ibarət olduğunu açıqlayıb.
Editor.az xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“İrəlilədikcə Venesuelada nəzərdə tutulan bu üç mərhələli prosesi izah edəcəyik. İlk mərhələ ölkədə vəziyyətin sabitləşdirilməsidir. Biz vəziyyətin xaosa sürüklənməsini istəmirik”,-deyə bildirilib.
Onun sözlərinə görə, planın ikinci mərhələsi Venesuela iqtisadiyyatının yenidən qurulmasını nəzərdə tutur. Bu çərçivədə ABŞ Amerika, Qərb və digər xarici şirkətlər üçün ölkə bazarına “ədalətli çıxışın” təmin edilməsini hədəfləyir.
Dövlət katibi qeyd edib ki, üçüncü mərhələ müxalif qüvvələrə amnistiyanın tətbiqi də nəzərə alınmaqla hakimiyyətin ötürülməsi prosesini əhatə edir. Bu mərhələdə ABŞ siyasi məhbusların azadlığa buraxılmasını və ya geri qaytarılmasını, eyni zamanda vətəndaş cəmiyyətinin yenidən formalaşdırılmasını planlaşdırır.
Rubio vurğulayıb ki, Vaşinqton planın əlavə detallarını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, 3 yanvar 2026-cı ildə ABŞ ordusu Venesuelaya hücum edib və ölkə prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birlikdə əsir götürülüb. 5 yanvar 2026-cı ildə Venesuela liderinin narkotik karteli yaratmaq ittihamı ilə məhkəmə prosesi başlayıb. Lakin iş üzrə əsas dinləmələrin 2027-ci ilə qədər başlanmayacağı bildirilir.
// Gülnarə Abasova, Editor.az