Moskva, 8 yanvar, AZƏRTAC
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ-ı “Marinera” gəmisində olan Rusiya vətəndaşlarının mümkün qədər tez Vətənə qayıtmalarına mane olmamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Rusiya xarici siyasət qurumunda rəsmi Moskvanın Rusiya bayrağı altında üzən “Marinera” gəmisinə ABŞ hərbçilərinin enmələri ilə bağlı məlumatları diqqətlə izlədiyi bildirilib.
Rusiya tərəfi ABŞ-dan gəminin göyərtəsində olan rus vətəndaşlarına humanist və ləyaqətli münasibətin təmin edilməsini tələb edir.
Amerika tərəfinin məlumatına görə, Rusiyaya məxsus “Marinera” neft tankerinin saxlanılması əməliyyatı ABŞ Sahil Mühafizəsi tərəfindən İslandiya ərazisi yaxınlığında həyata keçirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı əməliyyatın Atlantik okeanında aparıldığını təsdiqləyib. Bildirilir ki, əməliyyat ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən Pentaqonla koordinasiyalı şəkildə icra olunub. Böyük Britaniya isə ABŞ hökumətinin xahişi ilə əməliyyata dəstək göstərdiyini, gəminin izlənilməsi üçün kəşfiyyat təyyarələrindən istifadə etdiyini açıqlayıb.
Tankerin saxlanılması Atlantik okeanında iki həftəlik təqibdən sonra başlayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset bəyan edib ki, Vaşinqton sanksiyalar altında olan Venesueladan neftin daşınmasının qarşısını almaq siyasətini davam etdirir.
Moskva