Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub.
Publika.az xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.
"Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04” stansyasından sonra "Nizami”, "Sahil”, "Xətai” stansiyalarına keçid funksiyalı, "Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub”.
Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı "B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.