AZ

Onlayn alış-veriş yerli bazarın alıcılıq qabiliyyətini zəiflədir - AÇIQLAMA

Müasir dövrdə rəqəmsallaşma həyatın bütün sahələrinə sürətlə nüfuz edərək insanların gündəlik vərdişlərini, seçimlərini və davranış modellərini köklü şəkildə dəyişməkdədir. Xüsusilə ticarət sektoru bu dəyişikliklərdən ən çox təsirlənən sahələrdən biridir. İnternetin və mobil texnologiyaların geniş yayılması ilə alış-veriş artıq yalnız fiziki məkanlarla məhdudlaşmır, əksinə, zaman və məkan anlayışını aradan qaldıraraq daha çevik və rahat formaya keçir. Bu gün vətəndaşlar məhsul seçimi, qiymət müqayisəsi və sifariş prosesini qısa vaxt ərzində onlayn platformalar vasitəsilə həyata keçirməyə üstünlük verirlər. Onlayn ticarət istehlakçılar üçün rahatlıq, vaxt və maddi qənaət baxımından cəlbedici olsa da, bazarın ənənəvi iştirakçıları üçün yeni çağırışlar yaradır. Bəs onlayn alış-veriş yerli sahibkarlara necə təsir edir? Sağlam rəqabət necə yaradılmalı? 

Mövzu ilə iqtisadçı Natiq Cəfərli Missiya.Az-a açıqlamasında bildirib ki, onlayn alış-verişdə əsas üstünlük verilən məhsullar daha çox geyim, məişət və elektrotexnika avadanlıqlarıdır:"Azərbaycanda bu sahədə istehsalın məhdud olması səbəbindən bazarda əsasən yerli satıcılar və oflayn, yəni ənənəvi ticarət obyektləri fəaliyyət göstərir. Təbii ki, onlayn satışların artması bu tip mağazalara müəyyən mənada ziyan vura bilər. Lakin ənənəvi ticarət subyektləri də reallığı qəbul etməli, yeni dövrün tələblərinə uyğunlaşmağı bacarmalıdırlar. Çünki dünya dəyişir, alış-veriş qaydaları yenilənir və bazar artıq fərqli oyun qaydaları ilə idarə olunur",- deyə iqtisadçı qeyd edib.Onun sözlərinə görə, əgər onlayn alış-veriş vətəndaş üçün daha sərfəli və rahatdırsa, bu model inkişaf etməli və daha da genişlənməlidir. Bu prosesdə əsas məqsəd vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Ənənəvi ticarətçilər isə rəqəmsal platformalara inteqrasiya edərək, xidmət keyfiyyətini artırmalı və sağlam rəqabət mühitində mövqelərini qorumağa çalışmalıdırlar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr