Polis qadını GÜLLƏLƏDİ
Ajans.az xəbər verir ki,hadisə qadının avtomobili ilə ICE əməkdaşlarının yolunu kəsməyə cəhd etdiyi zaman baş verib. ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumatı təsdiqləyərək bildirib ki, əməliyyat zamanı vəziyyət gərginləşib. Agentliyin açıqlamasına görə, iğtişaşlar səngiməyə başladığı vaxt ICE əməkdaşları “hədəfli əməliyyatlar” həyata keçirərkən qadın nəqliyyat vasitəsini “təhlükə yaradan alət kimi istifadə edərək” onların üzərinə sürməyə cəhd edib. Buna cavab olaraq, ICE zabiti “özünü müdafiə məqsədilə atəş açıb”. ABŞ-ın Daxili Təhlükəsizlik katibi Kristi Noem baş verənləri “məişət xarakterli zorakılıq aktı” kimi qiymətləndirib. Onun sözlərinə görə, ICE əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən qarda ilişib qalıblar və qadın onlara, eləcə də ətrafdakı insanlara təhlükə yaradaraq nəqliyyat vasitələrini vurmağa çalışıb. Minneapolis meri Ceykob Frey atışma faktını təsdiqləyib və ICE əməkdaşlarının şəhərdəki fəaliyyətinin “xaosa səbəb olduğunu” bildirərək, agentliyin dərhal Minneapolisdən çıxmasını tələb edib. Həlak olan qadının adı rəsmi olaraq açıqlanmayıb. Şəhər merinin məlumatına görə, onun 37 yaşı olub. Minneapolis Şəhər Şurasının üzvü Ceyson Çavez isə qadının ABŞ vətəndaşı olduğunu, hadisə zamanı “kənarda dayandığını” və “immiqrant qonşularının təhlükəsizliyinə nəzarət etdiyini” bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.