Bakı, 8 yanvar, AZƏRTAC
Yaxın müddətdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda Cəfər Cabbarlının “Aydın” tamaşasının məşqlərinə başlanılacaq. Bu tamaşanın premyerasının fevralın sonu, martın əvvəllərində keçirilməsi planlaşdırılır.
Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Cavid Zeynallı söyləyib.
O vurğulayıb ki, yanvarın sonlarında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru, tanınmış rejissor və bəstəkar David Sakvarelidzenin quruluşunda V.Şekspirin "Kral Lir" faciəsi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın məşqləri başlayacaq. “Tamaşa Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibəti ilə benefis tamaşa olacaq. Səhnə əsərində teatrın bir çox tanınmış simaları iştirak edəcəklər. Tamaşanın premyerası aprel ayına nəzərdə tutulub”,- deyə C.Zeynallı əlavə edib.
Teatrın beynəlxalq əlaqələri barədə məlumat verən mətbuat katibi deyib: “Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrinin genişləndirilməsinə çox önəm verilir. Bu məsələ teatrımızın prioritet istiqamətlərindən biridir. Bu məqsədlə dünyanın müxtəlif teatrları ilə memorandumlar imzalanır. Bunun nəticəsi olaraq 10 mart - Milli Teatr Günündə Milli Dram Teatrının memorandum imzaladığı türkdilli dövlətlərin milli teatrlarının rəhbərlərinin iştirakı ilə milli kimlik, milli özünüdərk mövzusunda yeni tamaşa təqdim ediləcək. Bizim son dəfə memorandum imzaladığımız ölkə hələ ki, Çindir. Çinin üç böyük teatrı ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Bu memorandumdan irəli gələn məsələlərin həlli ilə bağlı Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” əsəri əsasında hazırlanan tamaşanın məşqləri yaxın aylarda başlayacaq. Bu tamaşanın da may ayına kimi təhvil verilməsi planlaşdırılır”.