Qış fasiləsinə Misli Premyer Liqasında autsayderlər sırasından yollanan 3 əsas komanda var. Bunlar "Karvan-Yevlax" (6 xal), "Qəbələ" (8 xal) və "Kəpəz"dir (9 xal).

Sondan 3 yerdə qərarlaşan komandalar arasında nisbətən yaxşı vəziyyətdə olan komanda "Kəpəz"dir. Gəncə təmsilçisi cari mövsümdə keçirdiyi 16 oyunun 3-də qələbə qazanıb, 13-də isə məğlubiyyətə üzülüb.  

Maraqlıdır ki, məğlubiyyətlərin 5-i Adil Şükürovun komandaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Daha da dəqiqləşdirsək, “Kəpəz” Şükürovun rəhbərliyi ilə meydana çıxdığı bütün matçlarda uduzan tərəf olub. Bu isə mövsümün əvvəlinə təsadüf edir.

Elə oradan başlayaq ki, Bağırovu Şükürovla əvəzləməklə klub rəhbərliyi böyük səhvə yol verdi. Məhz həmin səhvin nəticəsidir ki, bu gün komanda turnir cədvəlinin sonlarında var-gəl edir. Düzünə qalsa, mövsümün əvvəlindən bəri Azər Bağırov baş məşqçi postunda olsaydı belə, “Kəpəz”in ilk beşlikdə yer alacağına inanmırdım. Nə bugünkü heyət, nə də komandanın mövcud potensialı bunu deməyə əsas verir. Ancaq məşqçi dəyişikliyi olmasaydı, komandanın indi autsayderlər arasında olmayacağı dəqiq idi.

Əlbəttə ki, bütün günahı Şükürovun ayağına yazmaq doğru olmaz. Klub rəhbərliyinin idarəçilikdə yol verdiyi səhvlər kənardan baxanda da aydın görünürdü. Lakin Bağırov, necə deyərlər, qurduğu komanda ilə işləməyin çəmini tapmışdı. Hələ də başa düşə bilmirəm ki, klub komandanı çətin vəziyyətdən qurtarıb elitada saxlayan məşqçini niyə yola salaraq “mükafatlandırdı”. Bağırovun gedişində əsas səbəb kimi maliyyə şərtləri göstərilsə də, başqa detalların da olduğu məlum məsələ idi. Hazırda mütəxəssisin 9000 manat maaş aldığı deyilir. Əslində, Premyer Liqa klubu üçün bu normal rəqəmdir. Əgər klub rəhbərliyi sırf bu məbləği verməmək üçün məşqçini göndərmişdisə, deyiləcək söz yoxdur.

“Kəpəz”in mövsüm ərzində keçirdiyi oyunlara ayrı-ayrılıqda nəzər salsaq, komandanın qeyri-stabil çıxış etdiyini deyə bilərik. Bu isə həm məşqçi dəyişikliyi, həm də heyətdəki problemlərdən qaynaqlanır.

Başlayaq qələbələrdən. Ardıcıl məğlubiyyətlərdən sonra “Şamaxı” üzərində qazanılan 4:1 hesablı qələbə “Kəpəz” üçün son dərəcə vacib idi. Məhz bu oyunda komandanın əzmkarlığını, məqsədə çatmaq üçün meydanda xarakter nümayiş etdirdiyini gördük.

“Karvan-Yevlax”la səfərdə qazanılan 2:1 hesablı qələbə isə, düzü, mənim üçün sürpriz oldu. Uzun müddətdən sonra doğma azarkeşləri önündə çıxış edən Yevlax təmsilçisinin belə prinsipial matçda məğlub olması gözlənilməz nəticə idi.

Autsayderlər arasındakı mübarizənin gərginliyini nəzərə alsaq, “Qəbələ” üzərində qazanılan minimal hesablı qələbəni də kifayət qədər uğurlu nəticə hesab etmək olar.

Məğlubiyyətlərə gəlincə…

“Zirə”yə 0:5, “Neftçi”yə isə 1:5 hesabı ilə uduzulan iki matçı xüsusilə qeyd etmək lazımdır. Hər iki ağır məğlubiyyət komandadakı mövcud problemləri bütün detalları ilə üzə çıxardı.

Xüsusilə də heyətdəki boşluqları. Komandanın hazırkı ehtiyat skamyası kasaddır. Hücum fazasında isə problemlər daha qabarıq görünür. Ümumiyyətlə, “Kəpəz”in cari mövsümdəki transfer siyasətinin nə dərəcədə uğurlu olması müzakirə mövzusudur.

Ancaq transferlərdən danışarkən Ryonosuke Ohorinin adını mütləq qeyd etməliyəm. Gəncə təmsilçisinin “Neftçi”dən icarə əsasında götürdüyü yaponiyalı yarımmüdafiəçi yaxşı mənada fərqlənməyi bacarır. “Qəbələ” ilə matçda vurduğu qol da bunun bariz sübutudur. 24 yaşlı futbolçu həmçinin “Araz-Naxçıvan”la kubok oyununda da adını tabloya yazdırmağı bacarmışdı.  Bu arada, “Kəpəz”in Azərbaycan Kubokundakı çıxışını Premyer Liqadakı çıxışı ilə müqayisədə daha uğurlu hesab etmək olar.

Ümid edək ki, mövsümün geridə qalan hissəsində “Kəpəz” eyni performansı Premyer Liqada da göstərə biləcək.

Gənclər və İdman Nazirliyinin son açıqlamalarında qeyd olunur ki, aprel və may aylarında Gəncə stadionu oyunlar üçün hazır olacaq. Gəncəli azarkeşlərin “Kəpəz” sevgisi hamımıza məlumdur. Elə çılğınlığı da. Əgər komanda elitada yerini qoruyub saxlaya bilsə, o stadiondakı oyunların necə bir atmosferdə keçəcəyini təsəvvür etmək çətin deyil.

Gəncəyə futbol yaraşır…