AZ

“Heç kim onların düşməni deyil” - 28 yaşında Əməkdar artisti olan aktyotla MÜSAHİBƏ

Saata baxanda gecikdiyimi görüb tələsik addımla Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrına tərəf gedirəm. Müsahibimlə də ilk dəfə görüşəcəyim üçün gecikəcəyimə hansı reaksiyanı verəcəyini də bilmirəm.

Nəhayət, görüş yerinə çatıram və 2-ci mərtəbəyə qalxıb, Şövqi Hüseynovun otağına daxil oluram. Müsahibim də məni xoş üzlə qarşılayır.

Otağa boylandıqca keçmiş rus filmlərini xatırlayıram. Deyəsən yaradıcı insanların otaqlarının da özünəməxsus ab-havası olur...

“Yeni Sabah”ın müsahibi teatr və kino aktyoru, Əməkdar artist Şövqi Hüseynovdur.

 - Şövqi bəy, necəsiz? İşləriniz necədir? Üzrlü sayın, gecikdim.

- Çox sağ olun. Xoş gəlmisiniz. Narahat olmayın, mən də təzə gəlmişəm.

- Teatrda vəziyyət necədir? Sizi qane edirmi, yoxsa siz də tamaşaçı azlığından şikayət edənlərdənsiniz?

- Yox, mən bu fikirlərlə razı deyiləm. Tetara tamaşaçı gəlir. Lakin bu fikir öz təsdiqini taparsa, bunun günahkarı aktyor və rejissordur. Biz tamaşaçımızı qoruyub saxlamağa çalışmalıyıq.

Tamaşaçını teatrda saxlamağın yolları

- Əgər tamaşaçı itkisi yaranarsa, bunu dövrlə əlaqələndirmək olarmı? Zamanla insanların maraqları da dəyişir fikri ilə razısınız?

- Bu kimi fikirlər tamaşaçının gəlməməyinin səbəbini nələrinsə boynuna atmaqdır. Bir növ vəziyyətdən çıxış yolu tapmaq kimi bir şeydir. Tamaşaçını əldə saxlamaq üçün ona xidmət etmək lazımdır. Tamaşaçı hiss etməlidir ki, bizlərin hər zaman onlara ehtiyacımız var. Bu vətənpərvərlik hisləri kimidir. Tamaşaçıya xidmət etmək, elə vətənə xidmət etməkdir. Səhnəyə çıxanda biz onları, onlar da bizi hiss etməlidir. Necə ki, qonaq gedəndə qarşılanmağımıza uyğun olaraq ev sahibinin bizə nə qədər hörmət qoyduğunu görürük. Bu da onun kimi bir şeydir. Elə olan halda insan da həmin qapıya bir daha getmək istəyir. Burada yeganə problem tamaşaçını teatrda saxlamağı bacarmaqdır.

- Bəs tamaşaçı auditoriyanız əsasən hansı yaş qrupundan olan şəxslərdir?

- Milli Gənc Tamaşaçılar Teatrı 7 yaşdan, 77 yaşa qədər hər qrupdan olan vətəndaşa xidmət edir. İstənilən kateqoriya üçün tamaşalarımız var. Lakin çox istəyərəm ki, gənclərimiz daha çox axın etsin. Çünki teatr da bizim milli sərvətimizdir və onu qorumaq lazımdır. Gənclər hansı sahədə olmaqlarından asılı olmayaraq gələcəyin ziyalısı kimi formalaşmaq üçün teatrı da, ədəbiyyatı da, filmləri də öyrənməlidirlər. Ən azından övladlarına deyəcək sözləri olmalıdır. Bunun üçün Mirzə Cəlili, Hüseyn Cavidi, Cəfər Cabbarlını tanımalıdırlar. Tetrımızın repertuarında isə bütün klassiklərin əsərləri var. Biz hər zaman onların xidmətindəyik.

Səhnədə də ölməlidir

- Bəs dünya klassiklərinin əsərləri də bizimkilər kimi maraqla qarşılanırmı?

- Əlbəttə repertuarımız genişdir. Yerli və xarici ədəbiyyat nümunələrinə müraciət edirik. Şekspir, Dostoyevski, Qoqol və digər müəlliflərin əsərlərini səhnələşdiririk. Aktyorun formalaşmasında klassiklər böyük rol oynayır.

- Xalq artisti Rasim Balayevin aktyorun təqaüd yaşı olmamalıdır fikri ilə razılaşırsınızmı? Bu gənclərin qarşısını almaq sayılmırmı?

- Bu fikirlə razıyam ki, aktyor səhnədə doğulub, səhnədə də ölməlidir. İstedadlı gənclərimiz də çoxdur. Hər zaman onlara yer verilir, diqqət göstərilir. Heç kim onların düşməni deyil. Tetar rəhbərləri də öz müəssisəsinə pislik etməz. Əksinə yaxşı aktyorların və gənclərin bizimlə işləməsini çox istəyərik. Onların qarşısını kəsəcək qədər zəif deyilik. Nə də elə görünmək istəmirik. Səhnədə yaşlı sənətkarlarımız da var. Onlar da gənclər üçün nümunədirlər.

- Gənclərə yol verildiyini deyirsiniz, lakin müsahibələrinizdə qeyd etmisiniz ki, gənclər iş görmək istəyirlərsə, teatr yaratsınlar. Sizə də kimlərsə yol göstərib və bu səhnəyə gəlmisiniz. Bu bir az da aqressiv yanaşma deyilmi? Sizlər də yeni teatr yaratmamısınız...

- Mən belə düşünmürəm. İndi istedadlı gənclərimiz var. Demirəm çoxdur, amma var. Universitetdə dərs deyirəm və görürəm ki, 10 uşağın içindən 2-3 nəfər həqiqətən də teatrda səhnəyə çıxacaq istedada sahibdir. Lakin texniki cəhətdən onların teatrda işləməsi mümkün deyil. Yer olmur deyə çoxu gəlib, maaşsız işləyir. Ona görə düşünürəm ki, teatrların içərisində studiyalar aktiv fəaliyyət göstərməlidir. 

90-cı illərdə 5 teatr yarandı: Gənclər Teatrı, Bələdiyyə Tetarı, Kamera Teatrı, Yuğ Teatrı və Pantomim Teatrı. Hamısı da gənclərdən ibarət idi. Lakin onların hər biri dövlət dəstəyi ilə yaranmışdı. Düşünürəm ki, teatr yaradılarkən simvolik də olsa dövlətdən dəstək almalıdır. Bu baxımdan demişəm ki, gənclər teatr yaratsınlar. Lakin indiki gənclərə dəstək lazımdır. Onlara qarşı heç bir aqressiyam yoxdur. Universitetdə də gənclərə təhsil vermək üçün hər bir şərait var. Lakin sonra onların arxasında dayana bilmirik, hamısını işlə təmin etmək mümkün olmur.

Bu halda aktyor kobudlaşır, əsəbi olur

- Bəs bu gənclərin teatra həvəsini öldürmür?

- Bəli, öldürür. Bəziləri gedir başqa sahələrdə özünü sınayr. Necəsə yaşamağa çalışırlar. Ailə qurduqdan sonra isə işləməyə məcbur olurlar və beləliklə istedadlı gənclərimizi itirmiş oluruq. Hazırda teatrlarda studiyalar da var və arzu edirəm ki, orada olan gənclər də bir teatr yaratsın. Niyə də olmasın? Yuğ, Bələdiyyə və Pantomim Teatrları da gənclərdən ibarət idi. Sadəcə cəhd etmək lazımdır.

- Bu saydığınız teatrlardan Pantomim Teatrı xaricində heç birinin öz binası belə yoxdur...

- Yoxdur deyəndə, Bələdiyyə Teatrı Kinoteatrın tərkibində yerləşir. Yuğ Tetarı da Kukla Teatrında fəaliyyət göstərir. Kamera və Gənclər Teatrının truppası isə Milli Gənc Tamaşaçılar Teatrna birləşdirilib. Lakin digər üçü indiyə qədər də fəaliyyətdədir. Hesab edirəm ki, ilk fürsətdə onlar da şəxsi bina ilə təmin olunacaqlar. Bu barədə danışıqlar da gedir. Ümid edirəm ki, yoluna düşəcək.

İşimiz çox çətindir

- Universitetdə dərs deyirsiniz. Eyni zamanda Milli Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Musiqili Teatrında da çalışırsınız. Çətin olmur sizə? Üçünü bir arada idarə etmək problem yaratmır?

- Dərsdən məşqə, məşqdən tamaşaya qaçırıq. İşimiz ümumilikdə çox çətindir. Lakin əsas olan ona vicdanla yanaşmaqdır. Yaxşı ki, biz məşğuluq. Məşğul olmayan aktyor əsəbi və kobud olur. Lakin məşğul olan aktyor şən və rahat olur. 

Sevgisiz iş görmək mümkün deyil. Bizi də səhnədə saxlayan sevgidir. Onsuz da başqa iş görə bilmirik. Sevinirik ki, əziyyətimizi qiymətləndirirlər. Bu gün teatrlarımızda tamaşaçıya xidmət etmək üçün hər bir şərait var. Səhnələr təmir olunub, istilik, avadanlıq, işıq, bir sözlə, hər şey öz qaydasındadır. Daha bəhanə gətirmək üçün heç bir səbəbimiz yoxdur.

Villalarda yaşayıb, “Bentley” sürmək istəyən aktyorlar...

- Aktyorlar maaşdan gileylənir. Dolaşığınız necədi?

- 4-5 il əvvələ nisbətən maaşlarımız yaxşıdır. Filmlərdən də yaxşı qonarar alırıq. Eyni zamanda dublyaj edirəm. Ötən il ərzində 4 filmdə rol almışam. Teatrda da stabil maaşımız var. Villalarda yaşayıb, “Bentley” sürmək istəyən aktyorlar da ola bilər. Lakin bu mümkün deyil.

- Bəs hansı sahə sizin imkanlarınızdan daha çox ifadə edir? Teatr, film, ya serial?

- Əslində heç biri asan iş deyil. Lakin ümumilikdə teatr mənə daha yaxındır. Özümü burada daha rahat hiss edirəm. Lakin xeyli sayda film və seriallarda da rol almışam bu da bir təcrübədir. Hər sahədə ola bildiyim üçün xoşbəxtəm. Elə kino aktyorlarımız var ki, teatrda rol ifa edə bilmir və ya elə teatr aktyorları da var ki, kinoya çəkilə bilmir.

- Seriallardan danışmışkən, son günlər sizi “Tilov” serialında gördük. Serial böyük maraqla qarşılandı. Təəssüratlarınız necədir?

- Ssenaridən də, hadisələrin axınından da çox şey asılıdır. İlk dəfə idi Emil Quliyevin ekran əsərində rol alırdım. Serialda özümüzü göstərməkdən çox xoşbəxtəm. Ssenarist Pərviz Həsənova da təşəkkür edirəm. Hər şey çox axıcı idi. Bu çox vacib bir şeydir. Biz hər zaman düşünürük ki, rol kiçik olsun, lakin ortada material olsun. “Tilov” da elə seriallardan biri idi. Düşünürəm ki, belə layihələrdə ssenari çox vacibdir.

Azərbaycanda kino var, olub, olacaq da

- Məncə, ssenari qədər aktyor seçimi də vacibdir. Bəzən elə olur ki, ssenari nə qədər yaxşı olsa da, aktyor tamaşaçıya obrazı çatdıra bilmir...

- Bəli, aktyor seçimi də vacib məqamlardan biridir. Rol bölgüsündə uğurun 50 faizi aktyordan asılıdır. “Tilov”da seçimlər doğru idi.

- Deyəsən Azərbaycanda kino yoxdur stereotiplərini də aşırıq...

- Azərbaycanda kino var, olub, olacaq da. Elə teatr da. Lakin izləyici yoxdur. Bunların yoxluğunu iddia edənlər filmə baxmayanlar və teatra getməyənlərdir. Biz ilk olaraq özümüzə dəstək verməyi bacarmalıyıq. Təbliğatdan çox şey asılıdır. 

- Oxumaqla, kitablarla aranız necədir?

- Kitab mütaliə edirəm. Roman və povest isə son vaxtlar oxumuram. Əsasən pyeslər oxuyuram. Həm dərslə bağlı, həm də işlə. Son 10-15 ildir ki, ancaq pyes oxuyuram. Dünya dramaturgiya nümunələrini axtarıb, mütaliə edirəm.

28 yaşında Əməkdar artist və saysız mükafatlar

- Baxıram hər yan sertifikatlarla doludur. Almaq istədiyiniz xüsusi bir mükafat varmı?

- Almaq istədiyim əsas diplom oynayacağım gözəl roldur.

- Bəs almaq istədiyiniz ad varmı? Xalq artisti ya başqa iddialı olduğunuz məqam?

- Bizim adımız aktyordur elə. Digər məsələlər haqqında isə düşünmürük. Çünki o haqda düşünəcək qurumlar, onların rəhbərləri var. Aktyorlar tərifi və diqqət mərkəzində olmağı sevir. 28 yaşımda Əməkdar artist adını almışam. Azərbaycanda elə bir teatr mükafatı yoxdur ki, məndə olmasın. Bunların heç biri mənim istəyimlə bağlı deyil. Aldığımız dəstəklər sayəsindədir. Amerikada dram teatrında rol almaq istəyirəmsə, bunun üçün dəstəyim olmalıdır. Ukrayna, Şri-Lanka, İran, Türkiyə, Belarus, Böyük Britaniya, Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələrin bir çox şəhərlərinə səhnəyə çıxmışam. Dəstək görürük, xidmətimizi də edirik.

- Yekun olaraq demək istədiyiniz nələrsə varmı?

- Tamaşaçılarımızı hər zaman Milli Gənc Tamaşaçılar Teatrnda gözləyirəm. Onlara xidmət etməkdən qürur duyuruq. Əmin olsunlar ki, onlara vicdanla xidmət edəcəyik.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr