Bakı, 8 yanvar, AZƏRTAC
Bu gün istifadəyə verilən 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə böyük gücə malik ilk külək elektrik stansiyasıdır. Layihə Azərbaycanın bərpaolunan enerji strategiyasında və onun daha geniş dekarbonizasiya məqsədlərində mühüm mərhələni təmsil edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Daha əvvəl 2023-cü ilin oktyabrında Azərbaycanın ən böyük alternativ enerji mənbəli stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Qaradağda inşa etdiyi 230 MVt güvə malik günəş elektrik stansiyası idi. Hər iki stansiya dövlət vəsaitlərindən istifadə edilmədən ərsəyə gətirilib”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, “Xızı-Abşeron” KES-də investor qismində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti çıxış edib. Stansiya il ərzində küləkli hava şəraitinin optimal göstəriciləri olduğu halda 1 milyard kilovat/saat həcmində elektrik istehsal etmək qabiliyyətinə malikdir. Bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunması və 400 min tondan çox CO2-nin atmosferə atılmasının qarşısının alınması gözlənilir. Layihənin icrasına təqribən 340 milyon dollar xarici investisiya yönəldilib. Stansiyanın tikintisi üçün “ACWA Power” şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı 197,1 milyon dollar və OPEC Fondu isə 50 milyon dollar kredit ayırıb. Baş podratçısı isə Çinin “PowerChina Group”un törəmə şirkəti olan “PowerChina Huadong Engineering” şirkətidir.
Qeyd edək ki, bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.