AZ

Azərbaycanda ətin qiyməti ucuzlaşa bilər – VACİB AÇIQLAMA

Ərzaq bazarında qiymət artımları fonunda ətin ucuzlaşacağı ilə bağlı gözləntilər cəmiyyətdə aktual olaraq qalır. Xüsusilə, son aylarda müşahidə olunan bahalaşma və inflyasiya şəraiti istehlakçıları narahat edir. Maraqlıdır, yaxın perspektivdə ət qiymətlərində eniş mümkündürmü, yoxsa bahalaşma tendensiyası davam edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında bəzi ərzaq məhsulları üzrə cüzi qiymət enişləri müşahidə olunasa da, bu tendensiya əsasən mal əti bazarına aid deyil.

“Hazırkı mərhələdə ət qiymətlərinin daha çox sabit qalacağı gözlənilir. Yerli bazarda heyvan sayının azalması, heyvandarlıq sahəsində mövcud xəstəliklər və tədarük zəncirində yaşanan problemlər qiymətlərin aşağı düşməsini çətinləşdirən əsas amillərdir. Eyni zamanda, ümumi inflyasiya səviyyəsi də ərzaq məhsullarında ucuzlaşma ehtimalını zəiflədir”.

Akif Nəsirlinin sözlərinə görə, orta müddətli perspektivdə, ilin sonlarına doğru istehsalda artım baş verərsə, ət qiymətlərində müəyyən qədər yüngülləşmə mümkün ola bilər. Lakin bu proses hələlik qeyri-müəyyən olaraq qalır.

“Dövlət tərəfindən tətbiq olunan subsidiyalar və dəstək mexanizmləri qiymət artımının qarşısını tam almaq gücündə deyil və əsasən bazarda sabitliyin qorunmasına xidmət edir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
57
1
konkret.az

2Mənbələr