SDF ilə Suriya Ordusu arasında gərginlik davam edir: Hələb sakinləri kürd mövqelərinə gözlənilən zərbələrdən əvvəl təxliyə olunur.
İnterpress.az xəbər verir ki, Suriya ordusu ilə “Suriya Demokratik Qüvvələri” (SDF) arasında gərginlik pik həddə çatıb.
Məlumata görə, Suriya ordusu yerli vaxtla saat 13:30-dan etibarən Hələbin Əşrəfiyyə, Şeyx Maksud və Ben-Zeyd rayonlarında SDF mövqelərinə qarşı hədəflənmiş əməliyyatlara başlayacaq.
Sakinlərə əraziləri tərk etmək barədə xəbərdarlıq edilib və humanitar dəhlizlər vasitəsilə təxliyə prosesinə start verilib.
SDF tərəfi isə yaydığı görüntülərlə Suriya hərbçilərinin mülki obyektlərdən qərargah kimi istifadə etdiyini iddia edərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb.
Məsələyə beynəlxalq reaksiya da gecikməyib. İsrail XİN rəhbəri Saar kürd azlığına qarşı hücumları təhlükəli hesab edərək, bunu “yeni Suriya” vədlərinə zidd sayıb.
Türkiyə tərəfi isə prosesləri diqqətlə izləyir. Ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, Suriya hökuməti müraciət edərsə, Ankara bu əməliyyatlara lazımi dəstəyi verməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az