Dünyanın çox yerində belədir: Allahın yaratdığı bəndələrə üstdən aşağı baxan, pulun sayəsində min oyundan çıxan, həmişə açıq saçıq-geyinən, kasıb, imkansız insan görəndə deyinən adamlar çətinə düşən kimi bir gecədə dönüb olurlar mömin. Biz azərbaycanlılar indi məhbəs həyatı yaşayan sabiq məmurların timsalında bunu çox görmüşük. Pandemiya dövründə yetim-yesirə çatmalı olan pulları ciblərinə dürtüşdürən icra başçıları indi qazamatda ibadətlə məşğuldurlar. Hansı ki, vəzidə olanda, qılınclarının dalı da, qabağı da kəsəndə bu adamlara azı yüz dəfə deyilmişdi ki, başınızın üstündəki Allahı unutmayın... Qardaş Türkiyə bu məsələdə bizdən geri qalmır. Yəqin xəbəriniz var, Türkiyənin hüquq-mühafizə orqanları məşhurlara qarşı nakotik əməliyyatına başlayıb. Pulu-parası olan, tanınan, məşhur olmağın üstünlüyündən gen-bol yararlanan adamların çoxu narkotik testi verib. Beş-üç nəfər istisna olmaqla əksəriyyətinin testi müsbət çıxıb. Saçdan və qandan götürülən nümunələr sayəsində məlum olub ki, Türkiyədə məşhurların çoxu narkotik istifadəçisidir. Əksəriyyəti də qiyməti dodaq uçuqladan kokaindən istifadə edir. Nə qədər paradoksal olsa da, Türkiyə cəmiyyəti bu adamların sayəsində müqəddəs kitabımız Qurani-Kərimlə yenidən tanış olur, bir çox ayələrin məzmununu daha dolğun dərk edir. Çünki çətinə düşən kimi bu adamların yadına Allah düşür. Dünənə kimi şampanı, çaxırı, rakını əlindən yerə qoymayan adamlar indi Quranı əllərindən yerə qoymurlar. Keçirdiyi dəbdəbəli həyat tərzi ilə təkcə öz həmyerlilərinin deyil, həm də azərbaycanlı gənclərin gözünü qamaşdıran Şeyma Subaşı adlı sosial media fenomeni indi dinimizi Türkiyənin dəyanət işləri başqanından çox təbliğ edir. Şeyma gündə azı 3 dəfə müqəddəs kitabımızdan sitatlar gətirir, Qurandan ayələr paylaşır. Ötən gün test cavabı müsbət çıxan başqa bir məşhur - Mümine Senna Yıldız da Şeymaya qoşulub. Kokain istifadəçisi olduğu təsdiqlənəndən sonra ulduzu sönən Yıldız Hicr sürəsinin 97-ci ayəsini paylaşıb: "Onların dediklərindən sənin qəlbinin sıxıldığını (daraldığını) şübhəsiz Biz bilirik". Tövbə etmək heç vaxt gec deyil. Allahın tövbə qapısı həmişə acıqdır. Əgər şeymalar tövbə edib haqq yoluna qayıdırlarsa, buna ancaq sevinmək lazımdır. Amma mən sevinə bilmirəm. Bilirsiniz niyə? Yazım, mənim də ürəyim arxayın olsun, sizin də: qəlbində azacıq Allah qorxusu olan bəndə heç vaxt belə günah işlətməz. Bu adamlar çətinə düşdükləri üçün mərhəmətli olublar. İşləri yoluna düşən kimi yenə dönüb əvvəlki adam olacaqlar. Çünki onların Allahı puldur. Onlar pulun quludur... Seymur Vaqifoğlu, xüsusi olaraq Metbuat.az üçün