AZ

Ermənilərdən ŞOK ZƏNGƏZUR ETİRAFI – “Qalib gəldilər…”

Bakının artıq Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçən yolun adlandırılması ilə bağlı mübahisələrə girməməsi, faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı istədiklərinə nail olması ilə izah olunur.

Bu fikri erməni politoloq Suren Surenyants Azərbaycan Prezidenti İlham Əliyevin “Tramp marşrutu” ilə bağlı son bəyanatını şərh edərkən səsləndirib.

Politoloqun sözlərinə görə, yolun “Tramp marşrutu”, “Zəngəzur dəhlizi” və ya başqa adla çağırılmasının artıq prinsipial əhəmiyyəti yoxdur. Əsas məsələ bu marşrutun hansı rejimdə işləyəcəyidir: təhlükəsizlik necə təmin olunacaq, gömrük və pasport nəzarəti kim tərəfindən həyata keçiriləcək, bu mexanizm Ermənistanın suverenliyini və yurisdiksiyasını məhdudlaşdıracaqmı, yoxsa yox.

Surenyants bu baxımdan istisna etmir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində öz tələblərinə nail olub. Onun fikrincə, İlham Əliyevin açıqlamaları Sünikdən (Zəngəzurdan) keçən yolun Bakının irəli sürdüyü şərtlərə tam uyğun olduğunu göstərir. Politoloq hesab edir ki, Trampın adının çəkilməsi də beynəlxalq ictimaiyyətin gözündə mövqeni gücləndirmək və Ermənistanın manevr imkanlarını minimuma endirmək məqsədi daşıyır.

Azərbaycan tərəfindən irəli sürülən şərtlər Zəngəzur dəhlizinin fəaliyyətinə tam nəzarət imkanı verir? Yolun adlandırılması praktiki olaraq hansı əhəmiyyət daşıyır və bu vəziyyət Ermənistanın suverenliyinə necə təsir edə bilər? Trampın adının çəkilməsinin Azərbaycanın beynəlxalq mövqeyinə hansı təsiri ola bilər?

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış tarixi razılaşma Cənubi Qafqazda onilliklər boyu davam edən Ermənistan–Azərbaycan münaqişəsinin transformasiyası istiqamətində yeni mərhələnin əsasını qoydu:

“Razılaşmanın mərkəzində Ermənistanın cənubundan keçəcək strateji nəqliyyat marşrutu – Zəngəzur dəhlizi dayanır. Vaşinqton görüşündə imzalanmış birgə bəyannamə və ikitərəfli memorandumlar əsasında Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur nəqliyyat dəhlizinin inkişafı üçün ABŞ-yə eksklüziv səlahiyyətlər tanımağı öhdəsinə götürdü”.

Şərhçi bildirib ki, sazişə görə, dəhliz Ermənistanın suverenliyində qalır və ölkənin milli qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək, lakin infrastrukturun qurulması və idarə edilməsi üçün ABŞ tərəfi uzunmüddətli (qeyd olunduğu kimi, 99 illik) “xüsusi inkişaf hüququ” əldə edir:

“Zəngəzur dəhlizi ideyasının başlıca təşəbbüskarı Azərbaycan Respublikasıdır. Bakı uzun illərdir ki, ölkənin əsas ərazisi ilə eksklav statuslu Naxçıvan Muxtar Respublikasını birləşdirən quru yolunun bərpasına çalışır. 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Prezident İlham Əliyev bu məsələni milli prioritetə çevirərək açıq şəkildə bəyan etmişdi ki, “istər xoşluqla, istər zorla bu dəhliz açılacaq”. Bu ritorika ölkə daxilində “tarixi torpaqlara qayıdış” və “Turan yolu” kimi konseptual çərçivələrlə müşayiət olunur. TRIPP razılaşması çərçivəsində Azərbaycan istədiyi quru əlaqəsini əldə edir. Bu layihə artıq yalnız ikitərəfli deyil, bütün regional aktorlar, o cümlədən əvvəlki proseslərdən kənarda qalmış Rusiya üçün də açıqdır və bu səbəbdən inklüziv regional inteqrasiyaya töhfə verir”.

Seçilən
91
nocomment.az

1Mənbələr