ABŞ faktiki olaraq Maduronu həbs edib və onu Nyu-Yorka gətirərək təcridxanaya salıb. Bu, beynəlxalq hüquq baxımından olduqca mübahisəli və nadir örnəkdir.
Beynəlxalq hüquqa görə, vəzifədə olan dövlət başçıları toxunulmazdır, hərçənd bu toxunulmazlıq yalnız rəsmi vəzifə fəaliyyətləri ilə bağlı hallara şamil olunur. ABŞ isə Maduronun həbsini “toxunulmazlıq istisnası” prinsipi ilə izah etməyə çalışır.
Ağ ev sözçüləri iddia edirlər ki, narkotik ticarəti və transmilli cinayətlər rəsmi dövlət fəaliyyətlərinə daxil deyil. Bu arqument BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına söykənir. Amma burada əsas problem odur ki, Maduro fəaliyyətdə olan prezident idi və ABŞ tanımasa belə, beynəlxalq konsensus onun toxunulmazlığını qəbul edirdi.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, ABŞ-nin Venesuelaya müdaxiləsi və Maduronun həbs edilərək aparılması beynəlxalq münasibətlər sistemində yeni və qəbuledilməz presedent yaratmış oldu:
“Belə olan halda təbii ki, oxşar hadisələrin baş verməsi ehtimalları daha çox müzakirə edilməyə başlanıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, qlobal institutların və güc mərkəzlərinin mövqeyi bundan sonrakı hadisələr üçün həlledici məqam ola bilər. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi ilə bağlı bu qədər gərginliklərin olduğu mərhələdə Putin-Zelenski qarşıdurmasında oxşar addımın atılması ehtimalı ciddi narahatlıq yaradan məqamlardan biridir. Amma hesab edirəm ki, ABŞ-nin bu addımı güc göstərisidir və super güc olmaq iddiasının aydın təzahürüdür”.
“Nəticə etibarilə, nəinki Avropa dövlətləri, eləcə də Tramp administrasiyası belə Rusiya tərəfindən ola biləcək bənzər addımlara tolerant yanaşmaya bilər. Rusiyanın da indiki məqamda belə irrasional addım atacağını düşünmürəm”, – ekspert vurğulayıb.