AZ

Naxçıvan Dövlət Kukla Teatrının repertuarı ötən il 11 yeni tamaşa ilə zənginləşib

Naxçıvan, 8 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Kukla Teatrı ötən il 129 tamaşa nümayiş etdirilib və bu səhnə əsərlərini 10 min 269 tamaşaçı izləyib. Teatrın repertuarı 11 yeni tamaşa ilə zənginləşdirilib, 1 tamaşa isə bərpa olunub. Eyni zamanda, gənc aktyorların və teatrsevərlərin peşəkar inkişafını təmin etmək məqsədilə ilk dəfə 4 ustad dərsi təşkil olunub. İl ərzində teatr tərəfindən 3 layihə həyata keçirilib, həmçinin müxtəlif bölgələri əhatə edən 7 qastrol proqramı reallaşdırılıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov deyib.

O qeyd edib ki, 2025-ci ilin əlamətdar hadisələrindən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Arşın mal alan” əsərinin Kukla Teatrı tərəfindən nümayiş etdirilməsi olub. Bununla yanaşı, teatr tərəfindən ilk dəfə Zəfərimizin 5-ci ili ilə bağlı “Zəfərin səsi” şeir müsabiqəsi təşkil edilib, istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına dəstək göstərilib. Teatrın ilk dəfə həyata keçirdiyi “İlk addım” monotamaşalar layihəsi çərçivəsində 4 monotamaşa hazırlanaraq tamaşaçılara təqdim olunub. Layihə gənc ifaçıların səhnə təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

"İlk dəfə olaraq 2 yeni teatr üslubu - “bunraku” və “əlcək” tətbiq olunaraq iki tamaşa hazırlanıb. Bundan əlavə, Naxçıvan Dövlət Kukla Teatrı Qax və Gəncə dövlət kukla teatrlarında “Arşın mal alan” tamaşası ilə çıxış edib. İlk dəfə teatrlar əməkdaşlıq memorandumları imzalayaraq, qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıblar. Dekabr ayında memorandum çərçivəsində Qax Dövlət Kukla Teatrı teatrımızın qonağı olub", - deyə Səyyad Məmmədov əlavə edib.

Seçilən
85
azertag.az

1Mənbələr