AZ

Viktor Orban: Ukraynanın tələb etdiyi 800 milyard dollar Macarıstan üçün ağır nəticələr doğura bilər

Budapeşt, 8 yanvar, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın rəsmi Brüsseldən növbəti 10 il üçün ümumilikdə 800 milyard dollar məbləğində maliyyə dəstəyi istədiyini bildirib. Onun sözlərinə görə, bu məbləğin maliyyələşdirilməsi birbaşa Macarıstanın dövlət büdcəsinə təsir göstərə bilər.

AZƏRTAC xəbər verir ki, Orban bu məbləğlə Macarıstanda 40 il ərzində pensiyalar, 60 il müddətində isə bütün ailə müavinətləri ödənilə biləcəyini qeyd edib.

Baş nazir bildirib ki, hökumətin son iclasında Avropa İttifaqının bu vəsaiti necə bölüşdürməyi və maliyyə mənbələrini haradan tapmağı planlaşdırdığına dair Avropa məsələləri üzrə nazir Boka Yanoşun hesabatı dinlənilib. Orban bu planların “qorxuducu” olduğunu deyərək 13-cü və 14-cü aylıq pensiyaların ləğvi, ailə dəstəklərinin azaldılması və gəlir vergisinin artırılması kimi tədbirlərin nəzərdə tutulduğunu iddia edib.

O əlavə edib ki, hesabat ictimaiyyətə açıqlanacaq və Macarıstan vətəndaşları aprel ayında Avropa siyasəti ilə bağlı seçim edəcəklər.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Budapeşt

Seçilən
79
1
azertag.az

2Mənbələr