Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Aznews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.
Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.
Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Onu da bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.