"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin və regionun yeni dövrü üçün strateji yol xəritəsi mahiyyətini daşıyır. Ümumiyyətlə, cənab Prezidentin bütün çıxış və müsahibələri həm Azərbaycan cəmiyyətinə, həm də Türk dünyasına aydın istiqamət göstərən və xüsusi əhəmiyyət kəsb edən mesajlarla zəngindir".
Bunu Milli Məclisin deputatı Azər Allahverənov QHT.az-a bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsi zamanı Türk dövlətləri ilə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər, Türk dünyasının daha sıx inteqrasiya olunması baxımından olduqca vacibdir. Burada sətiraltı mesaj da verildi: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daha sıx birləşməsi üçün geniş imkanlar mövcuddur və bu imkanları artıq istifadə etmək vaxtıdır:
"Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı əvvəlcə iqtisadi əməkdaşlıq təşviq edən bir şura formatında fəaliyyətə başlamışdısa, bu gün artıq institusional cəhətdən formalaşmış, müxtəlif struktur bölmələri və fəaliyyət istiqamətləri olan güclü bir təşkilat səviyyəsinə çatmışdır. Hətta üzv ölkələrin birbaşa iştirakı ilə Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edən layihələr reallaşmaqdadır və bu layihələrin böyük hissəsi Azərbaycanın fəal iştirakı ilə icra olunur".
Cənab Prezidentin əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikirləri, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin strateji xəttinin müəyyənləşdirilməsini və vahid yanaşmanın tətbiqini tələb edən vacib mövqedir. Azərbaycan tərəfi isə həmişə Türk dünyasının daha sıx inteqrasiyası istiqamətində vacib təşəbbüslərlə çıxış edir.