Qış aylarında artan qrip hallarına qarşı qidalanmanın əhəmiyyətinə diqqət çəkən mütəxəssislər, immunitet sistemini gücləndirmək üçün düzgün qidaların istehlak edilməsinin vacibliyini vurğulayırlar.
Medicina.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Pakize Gizem Akgül, soyuq havalarda su içmə vərdişinin azaldığını və bunun immunitet sisteminə mənfi təsir etdiyini bildirib:
"Bədənimizin hər fəsildə suya ehtiyacı var. Xüsusilə xəstəliklərə qarşı müqaviməti artırmaq üçün gündə orta hesabla 8-10 stəkan su içməyə diqqət yetirilməlidir".
Qış aylarında hər il təsirini artıran qrip epidemiyasının uzunmüddətli bir xəstəlik olduğunu və bəzən ciddi nəticələrə səbəb ola biləcəyini xatırladan Akgül, immunitet sistemini dəstəkləyən bir pəhrizin sağalma prosesini sürətləndirdiyini deyib:
“Qriplə mübarizə aparmaq üçün süfrədəkilərə diqqət yetirməliyik. Meyvə-tərəvəz, paxlalılar, tam taxıllar və yağlı toxumlarla zəngin olan Aralıq dənizi pəhrizi immuniteti dəstəkləyir”.
Akgül Aralıq dənizi pəhrizinin polifenollarla zəngin olduğunu və bu xüsusiyyətin antioksidant qabiliyyətini artıraraq immunitet sistemini dəstəklədiyini qeyd edib. O, paxlalıların və tam taxılların lif tərkibi sayəsində xəstəliklərə qarşı qoruyucu rol oynadığını və zeytun yağının da güclü bir antioksidant olduğunu və pis xolesterolu azaltmağa kömək etdiyini qeyd edib. O, gündəlik 2-3 porsiya müxtəlif rəngli meyvə istehlak etməyin və yeməklərə mövsümi tərəvəzlərlə hazırlanmış salatlar əlavə etməyin vacibliyini vurğulayıb.
Akgül C vitamini çatışmazlığının infeksiya riskini artırdığını göstərən elmi tədqiqatların olduğunu bildirib:
“Buna görə də C vitamini tərkibli qidalar hər gün müntəzəm olaraq istehlak edilməlidir. Cəfəri, qırmızı bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər, brokoli, kələm, kivi, zoğal və sitrus meyvələri süfrəyə verilməlidir”.
Akgül qırmızı çuğundurun C, A, E və K vitaminləri, eləcə də B vitaminləri və fol turşusu ilə zəngin olduğunu qeyd edib.
Akgül brokoli, gül kələm, kələm və turp kimi tərəvəzlərin tərkibindəki fitokimyəvi maddələr sayəsində immunitet sistemini dəstəklədiyini və xüsusilə brokkolinin vitamin və minerallarla çox zəngin olduğunu vurğulayıb:
"Brokoli virus və bakteriyalara qarşı qoruyucu təsirə malikdir. Qripəbənzər xəstəliklər zamanı istehlak etmək tövsiyə olunur".
Akgül omeqa-3 yağ turşuları ilə zəngin olan balığın immun hüceyrələrinin aktivləşməsinə töhfə verdiyini qeyd edərək həftədə 2-3 dəfə balıq yeməyi tövsiyə edib.
O, həmçinin balın immuniteti dəstəkləyən, öskürəyi aradan qaldıran və həzmi asanlaşdıran funksional bir qida olduğunu qeyd etsə də, həddindən artıq istehlakdan çəkindiyini bildirib. O, əlavə edib ki, emal olunmuş qidalar və fast food məhsulları immunitet sisteminə mənfi təsir göstərir.
Aygün
Medicina.az