Hazırda yayılan infeksiya mövsümi qrip-A qripidir.
Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
“Qrip virusuna ilboyu rast gəlinsə də, qış mövsümündə daha çox yayılır. Bu da epidemioloji qanunauyğunluq hesab edilərək, infeksiyanın fəsilliliyini göstərir. Xəstəliyin ümumi əlamətlərinə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, iştahasızlıq və əsasən, yuxarı tənəffüs yollarının zədələnmələri olan öskürək, boğaz ağrısı, burun tutulması aid edilir. Şəxslər poliklinikalara müraciət edən zaman lazım olduqda onlardan götürülmüş nümunələr xüsusi laboratoriyaya göndərilərək virus təsdiqlənir. Lakin bunun rutin edilməsinin praktik əhəmiyyəti yoxdur”,- deyə o vurğulayıb.