AZ

Azad edilmiş torpaqlar regional diplomatiyanın və güc balansının yeni mərkəzidir » AzadMedia.az



Nazim Eynallı,
AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı
Yol İstismar MMC-nin rəhbəri


İşğaldan azad edilmiş Azərbaycan əraziləri bu gün təkcə bərpa və quruculuq məkanı deyil, eyni zamanda beynəlxalq diplomatiyanın, regional əməkdaşlığın və siyasi dialoqun mühüm mərkəzinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni reallıqlar artıq konkret nəticələr verir: azad edilmiş şəhərlər nüfuzlu beynəlxalq tədbirlərə, zirvə görüşlərinə və forumlara ev sahibliyi edir.
Son dövrlərdə Azərbaycanın ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlər arasında xüsusilə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşü mühüm əhəmiyyət daşıyır. Əsas tədbirin məhz Xankəndidə keçirilməsi həm siyasi, həm də rəmzi baxımdan böyük mesaj idi. Bununla yanaşı, Şuşa, Laçın və Ağdamda keçirilən Biznes Forumu, Gənclər Forumu və Qadınlar Forumu Azərbaycanın təşəbbüskarlığını və azad edilmiş ərazilərin beynəlxalq inteqrasiya prosesinə hazır olduğunu açıq şəkildə nümayiş etdirdi.
Bu tədbirlərin məqsədi təkcə müzakirə platforması yaratmaq deyildi. Əsas hədəf xarici qonaqlara işğaldan azad edilmiş torpaqlarda formalaşdırılan yeni həyatın, müasir infrastrukturun, konfrans zallarının, hotellərin və logistika imkanlarının nümayişi idi. Doqquz dövlət və hökumət başçısının Xankəndidə, Şuşada və Ağdamda qəbul edilməsinə tam hazırlıq Azərbaycanın bu əraziləri artıq beynəlxalq standartlara uyğun səviyyəyə çatdırdığını sübut edir.
Xarici siyasətdə mühüm hadisələrdən biri də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü oldu. Bu sammit türk dünyasının birliyini və strateji yaxınlaşmasını bir daha nümayiş etdirdi. Azərbaycanın təşəbbüsü ilə başlanan qeyri-rəsmi Zirvə Görüşləri ənənəsi isə artıq beynəlxalq praktikaya çevrilib. İlk qeyri-rəsmi zirvənin Şuşada keçirilməsi tarixi və siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün sonradan Macarıstanda davam etdirilməsi Azərbaycanın regional diplomatiyada gündəm formalaşdıran ölkə olduğunu göstərir.
Qəbələ Sammitində xüsusi diqqət çəkən məsələlərdən biri türk dövlətləri arasında hərbi əməkdaşlıq elementinin gündəmə gətirilməsi oldu. Müasir dünyada baş verən proseslər bir daha sübut edir ki, təhlükəsizlik məsələləri yalnız bəyanatlarla deyil, real güc və koordinasiya ilə təmin olunur. Birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü həm rəmzi, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıyır. Bu, türk dövlətlərinin qarşılıqlı etimadının, müttəfiqlik ruhunun və kollektiv təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir.
Bu yanaşma real geosiyasi vəziyyətin düzgün təhlilinə əsaslanır. Bugünkü dünyada beynəlxalq hüququn tez-tez kağız üzərində qalması fonunda güc, əməkdaşlıq və qarşılıqlı dəstək əsas müəyyənedici amillərə çevrilib. Lakin güc amili heç vaxt haqsızlıq üçün istifadə edilməməlidir. Azərbaycanın mövqeyi bu baxımdan aydındır: heç bir ölkənin ərazi bütövlüyünə iddia edilməməli, heç bir xalq işğala və zorakılığa məruz qalmamalıdır.
Azərbaycanın gücü ilə yanaşı, müdrikliyi və məsuliyyətli davranışı da son illərin ən mühüm siyasi dərslərindən biridir. 2020 və 2023-cü illərdə, eləcə də bu dövrlər arasındakı proseslər zamanı Azərbaycan hərbi üstünlüyə malik olsa da, münaqişəni genişmiqyaslı dağıntılara çevirmədi. Qarşı tərəfin şəhərlərinin Ağdam kimi viran edilməməsi məhz bu məsuliyyətin göstəricisidir. Güclü tərəf olaraq müharibəni dayandırmaq iradəsi göstərildi və bu, beynəlxalq səviyyədə də etiraf olundu.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan, təşəbbüs irəli sürən, gücünü məsuliyyətlə tətbiq edən və beynəlxalq gündəliyə təsir göstərən dövlətdir. İşğaldan azad edilmiş torpaqların beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi isə bu yeni statusun ən parlaq təzahürlərindən biridir.
Seçilən
34
1
azadmedia.az

2Mənbələr