
“Messenat Holdinq”ə məxsus “Bəhramtəpə-Çınqıl” ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılıb.
Məhkəmənin cinayət kollegiyası tərəfindən verilən qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib.
Belə ki, İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818 636 manat alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113 941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.
Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il ərzində vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib.
Mətbuatda yayılan məlumatlara görə, “Messenat Holdinq”in rəhbəri “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir.