AZ

Həmkəndlilərini döyən qohumlarla bağlı hökm ləğv edildi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İbrahim Həsənov, onun əmisi oğlu İxtiyar Həsənov və bibisi oğlu İlqar Səfərovun (hər üçünün adı, soyadı şərtidir) barələrindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Tərtər Rayon Məhkəməsinin hökmü və qərarı ləğv olunub, iş üzrə yeni hökm çıxarılıb, onların hər birinə şərti cəza verilib.


İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.


İttihama əsasən, 13 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində İbrahim Həsənov bir qrup şəxs halında, əmisi oğlu İxtiyar Həsənov və bibisi oğlu İlqar Səfərovla birlikdə Tərtər rayonu, Hacıqərvənd kəndinin Seyidlər küçəsində ictimai qaydanı kobud surətdə pozub.


Belə ki, ətrafda fərdi yaşayış evlərinin və insanların olmasına əhəmiyyət verməyən təqsirləndirilən şəxslər özlərini digərlərindən üstün və müstəsna şəxsiyyət kimi təqdim etmək məqsədilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, uca səslə nalayiq ifadələr işlədərək və vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli davranışlar nümayiş etdiriblər.


Hadisə zamanı İlqar Səfərov silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan ağac parçası ilə həmkəndlisi, zərərçəkmiş Vurğun Bəbirova (adı, soyadı şərtidir) xuliqanlıq niyyəti ilə qəsdən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol dirsək sümüyünün aşağı 1/3 hissəsinin yerini dəyişmiş sınığı, döş qəfəsinin sağ yarısının arxa səthinin qançırı, eləcə də sağ saidin orta 1/3 hissəsinin ön səthinin sıyrığı kimi xəsarətlər yetirilib.


Məhkəmənin hökmü ilə onların aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 6 ay 12 gün müddətə islah işləri cəzası təyin edilmişdi.


Kamal Məmmədov 

Tarix: 9 Yanvar 2026, 08:16   
Seçilən
48
pravda.az

1Mənbələr