Belarus lideri Aleksandr Lukaşenko Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunmasına münasibət bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Maduronun ABŞ tərəfindən ölkədən çıxarılmasını dövlətə xəyanət və sövdələşmə ilə bağlayıb.
“Mən istəyirəm ki, başa düşəsiniz: orada hər şey var idi. Razılaşma var idi və pul ödənilirdi, o cümlədən Venesueladakı insanlara. Həm hərbçilərə, həm də mülki şəxslərə. Müqavilə olub, xəyanət də olub” – Lukaşenko qeydedib.
Belarus lideri onu da bildirib ki, Venesueladakı əməliyyatın Belarusda təkrarlanması mümkün deyil, çünki belə bir fövqəladə vəziyyət üçün bütün tədbirlər əvvəlcədən planlaşdırılıb.
Lukaşenkonun sözlərinə görə, mümkün fövqəladə hallar üçün vəzifələr ötən il respublika Təhlükəsizlik Şurasının iclasında müəyyən edilib.
“Qulaq asın, biz gələcəyə baxırıq, ona görə də Venesuela ssenarisi Belarusda real deyil. Hətta bu baş versə belə, bunun üçün hər şeyi planlaşdırmışıq”, - Belarus lideri bildirib.
Lukaşenko vurğulayıb ki, belə bir ssenarinin qarşısını almaq üçün bütün dövlət məmurları və cəmiyyət nümayəndələri öz məsuliyyətlərini dərk etməlidirlər.
Lukaşenko onu da deyib ki, Nikolas Maduronun həyat yoldaşı Siliya Floresə vətənində qalmaq imkanı təklif edilib: "Qadın deyib ki, xeyr, mən onunlayam. Bilirəm ki, Flores çox cəsarətli bir qadındır. Onu Amerikaya gətirdilər və narkotik qaçaqmalçılığında ittiham edirlər", - deyə dövlət başçısı bildirib.