Təbliğatın parlaq fasadından kənara baxanda Rusiyada iqtisadi gərginliyin sürətlə artdığı görünür...
Müəllif: Martin Sandbu - The Financial Times qəzetinin Avropa iqtisadiyyatı üzrə icmalçısı, həmçinin qlobal iqtisadi siyasət debatlarına həsr olunmuş FT-nin Free Lunch adlı informasiya bülletenini aparıcısı.
The Financial Times
ABŞ-nin Venesuelada həyata keçirdiyi reyd və ölkənin diktatorunun ələ keçirilməsi hələ də hamını heyrət içində saxlayır. Həmkarlarım artıq ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasının və Monro doktrinasının dirçəldilməsinin siyasi və iqtisadi nəticələrinə dair müxtəlif dəyərləndirmələr irəli sürüblər.
Lakin diqqətin tamamilə Qərb yarımkürəsinə yönəlməsi düzgün olmazdı. Çünki Şərq yarımkürəsində baş verənlər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsinin taleyi qlobal vəziyyət üçün həlledici əhəmiyyət daşıyır. Bu taleyin müəyyənləşməsində isə əsas rol tərəflərin malik olduğu resurslara məxsusdur. Məhz buna görə Avropa İttifaqının ötən ay Ukraynanın qarşıdakı iki il üçün maliyyə ehtiyaclarını təmin etmək qərarı xüsusi önəm daşıyır. İndi isə Rusiyanın iqtisadi vəziyyətinə dair ümumi mənzərəni dəyərləndirməyin vaxtıdır.
Son altı həftə ərzində dərc olunmuş dörd tədqiqat hesabatı Rusiyanın iqtisadi durumuna dair ən aktual təsəvvürü yaradır. Bu araşdırmalar Bruegel, PeaceRep (Britaniya universitetlərinin konsorsiumu), Peterson İnstitutu, eləcə də Corisk və Nupi adlı Norveç analitik mərkəzləri tərəfindən hazırlanıb. Sonuncu hesabat əsasən Ukraynaya və müharibənin mümkün nəticələrinin Avropa iqtisadiyyatına təsirinə həsr olunsa da, Rusiyaya da toxunur.
Rusiyanın real iqtisadi vəziyyətini anlamaq üçün iki əsas sual var: birincisi, iqtisadiyyat ümumilikdə hansı vəziyyətdədir; ikincisi isə bu proseslər müxtəlif sektorlar, regionlar və əhali qrupları üzrə necə bölüşdürülür. Hər iki məsələ müharibə iqtisadiyyatının siyasi dayanıqlığı və Prezident Vladimir Putinin müharibəni davam etdirmək imkanları baxımından həlledicidir.
Bruegel üçün Marek Dombrovski tərəfindən hazırlanmış hesabat açıq mənbələrə əsaslanaraq göstərir ki, hətta rəsmi Rusiya statistikasına güvənilsə belə, artıq ümumi səviyyədə ciddi gərginlik əlamətləri görünür. Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi hökuməti getdikcə daha sərt seçimlər qarşısında qoyur.
Büdcədən başlayaq. 2024-cü ilə qədər büdcə gəlirlərinin ÜDM-də payı müharibədən əvvəlki səviyyəyə, təxminən 35 faizə qayıtsa da, bu, əsasən daxili vergilərin artırılması hesabına mümkün olub. Neft və qaz gəlirləri azalır. 2024-cü ildə karbohidrogen rentasına əsaslanan vergilər federal büdcə gəlirlərinin 30,3 faizini təşkil edirdisə, 2025-ci ilin ilk üç rübünün ilkin məlumatlarına görə bu göstərici 24,5 faizə düşüb. Paralel olaraq mənfəət vergisi 20 faizdən 25 faizə qaldırılıb, gəlir vergisində proqressiya gücləndirilib, torpaq və daşınmaz əmlak vergiləri, aksizlər artırılıb, kiçik biznes üçün vergi yükü ağırlaşdırılıb. 2026-cı ildə isə ƏDV-nin 20 faizdən 22 faizə yüksəldilməsi planlaşdırılır.
Bu addımlar hərbi xərclərin büdcədə sürətlə artması ilə üst-üstə düşür. Nəticədə dövlət xidmətləri və əhalinin real gəlirləri ciddi təzyiq altına düşür. İndiyədək bu təzyiq qismən borclanma və bankların hərbi sənayeyə məcburi kredit verməsi yolu ilə gizli pul emissiyası hesabına yumşaldılıb. Lakin həm Bruegel, həm də PeaceRep hesabatları vurğulayır ki, Milli Rifah Fondunun likvid hissəsi 2022-ci ildən əvvəlki səviyyə ilə müqayisədə kəskin şəkildə azalıb və artıq bir illik büdcə kəsirini belə örtməyə yetmir.
Beynəlxalq kredit bazarlarına çıxışın demək olar ki, tam bağlanması və valyuta ehtiyatlarının böyük hissəsinin dondurulması fonunda Moskvanın maliyyə mənbələri tükənir. Bu isə daxili resursların getdikcə daha sərt üsullarla səfərbər edilməsini, başqa sözlə, maliyyə repressiyalarının gücləndirilməsini qaçılmaz edir. Dövlət şirkətlərinin hərbi bölmələri maliyyələşdirməyə məcbur edilməsi, Milli Rifah Fondunun banklar və sənaye üçün istifadə olunması kimi kvazifiskal əməliyyatlar artıq adi hala çevrilib.
Bütün bunlar rəsmi və açıq məlumatlara əsaslanır. Əgər rəsmi statistika belə mənzərə yaradırsa, real vəziyyətin daha ağır olduğu ehtimalı yüksəkdir. PeaceRep hesabatı rəsmi inflyasiyanın ciddi şəkildə aşağı göstərildiyini iddia edir. Müəlliflərin hesablamalarına görə, real inflyasiya rəsmi göstəricidən təxminən iki dəfə yüksəkdir. Bu isə o deməkdir ki, Putinin “dayanıqlılıq” adlandırdığı iqtisadi artım əslində xeyli zəif olub. Rəsmi olaraq 2023 və 2024-cü illərdə 4 faizdən çox artım elan edilsə də, alternativ hesablamalar hər iki ildə real azalma olduğunu, iqtisadiyyatın isə ötən il müharibədən əvvəlki səviyyədən 1,5 faiz kiçik qaldığını göstərir.
Aqreqat rəqəmlərdən kənara çıxanda əsas sual yaranır: bu müharibənin iqtisadi yükünü kim daşıyır, kim isə qazanır? PeaceRep-ə görə, əhalinin cəmi 20 faizi maddi baxımdan müharibədən faydalanıb. Dörd nəfərdən üçü isə daha pis yaşayır. Orta hesabla real maaşlar tammiqyaslı işğaldan bəri 5 faiz azalıb.
Peterson İnstitutunun hesabatı müharibə iqtisadiyyatının regionlara təsirini təhlil edir. Araşdırma göstərir ki, hərbi sənayenin cəmləşdiyi orta gəlirli regionlarda və əsgər tədarükü əsasən yoxsul ərazilərdən aparıldığı üçün məhz bu bölgələrdə əməkhaqqı və məşğulluq üzərində təzyiq daha güclü olub. Maraqlıdır ki, bu proses regionlararası əməkhaqqı fərqlərinin azalmasına gətirib çıxarıb. Lakin investisiyalar üzrə belə yaxınlaşma müşahidə edilmir. Bu isə onu göstərir ki, müharibə iqtisadiyyatı yalnız “ekstensiv” — mövcud resursların tam səfərbər olunmasına əsaslanan — artım yaradıb, davamlı məhsuldarlıq artımına söykənən “intensiv” inkişaf təmin etməyib. Belə artımın isə uzunömürlü olması mümkün deyil.
Ümumi mənzərə kifayət qədər aydındır. Rusiya iqtisadiyyatı misilsiz təzyiq altındadır və resurslarını sürətlə tükəndirir. Bir il əvvəl onu “kart evinə” bənzətmişdim. Bu ev hələ də ayaqdadır, amma təsvir hələ də dəqiqdir. Siyasi nəticə isə budur: sanksiyalar, icrasında nöqsanlara baxmayaraq, effektivdir. Qərbə verilən mesaj aydındır — dərman təsir edir, amma dozanı artırmaq lazımdır.
Tərcümə Poliqon-a aiddir
Poliqon.info