AZ

AQTA nın 155 minlik “Süfrəsi” Təlim üçün kirayələnmiş binada biznes obyekti açılıb?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İctimai iaşə müəssisələrinin işçilərinə təlim keçmək üçün nəzərdə tutulan obyektdən gəlir mənbəyi kimi istifadə olunur.

Globalinfo.az-ın əməkdaşı təsadüf nəticəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Nəbiyevin gəlir mənbəyi olduğu deyilən yeməkxanada nahar edib.

Nahara az qalırdı. Metronun “Koroğlu” və “Ulduz” stansiyalarına yaxın məsafədə yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığındakı işimizi yekunlaşdırdıq və nahar etmək üçün yer axtardıq. Dedilər ki, AQTA-nın regional bölməsi ilə 5 saylı “ASAN xidmət” mərkəzinin giriş qapılarının arasında yeməkxana var. Həmin yeri tapdıq, obyektə giriş qapısının üzərinə “Süfrə” yazılmışdı.

İçəri daxil olduqda sırada çoxlu insan var idi. Onlar yemək almaq üçün növbəyə düzülmüşdülər. Sıradakıların arasında gömrük və “ASAN xidmət” işçilərinə məxsus geyimdə olanlar da var idi. Öyrəndik ki, onlar həmin ərazidə fəaliyyət göstərən müvafiq gömrük idarəsinin və 5 saylı “ASAN xidmət” mərkəzinin əməkdaşlarıdır.

Biz də onlarla birlikdə sıraya düzüldük. Eyni zamanda, obyekt barədə məlumat toplamağa çalışdıq.

Məlum oldu ki, həmin obyekt AQTA-nın binasında yerləşir və Agentliyin təyin etdiyi şəxslər tərəfindən işlədilir, gəlirlər isə Agentliyin və İnstitutun rəhbər şəxslərinə çatır.

Əslində isə həmin obyekt AQTİ-nin mütəxəssislərinin ictimai iaşə obyektlərinin işçilərinə təlim keçmələri üçün nəzərdə tutulub.

Müvafiq avadanlıqlar da dövlət vəsaiti hesabına bu məqsədlə alınıb və orada quraşdırılıb. Lakin yer yeməkxana kimi istifadəyə verilib. Burada AQTA-nın, AQTİ-nin, həmin ərazidə fəaliyyət göstərən digər qurumların əməkdaşları və sadə vətəndaşlar nahar edə bilirlər.

Əldə etdiyimiz başqa bir məlumata görə, ictimai iaşə müəssisələrinin işçiləri bura çox nadir hallarda, bəlkə də ildə 2-3 dəfə gətirilirlər. Onların həmin yerə gətirilməsi də, adətən, günün ikinci yarısına, iş vaxtının sonuna təsadüf edir.

Qoşqar Təhməzli və Əli Nəbiyev

Onu da öyrəndik ki, bu yeri AQTİ illik 155 min 52 manata ofis adı ilə icarəyə götürüb.

Dərhal internetdə axtarış verdik, aydın oldu ki, bu yaxınlarda bununla bağlı mediada məlumatlar yayımlanıb. Həmin məlumatlarda bildirilib: “AQTİ Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185B ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı satınalma həyata keçirib. Ümumi sahəsi 730 kvadratmetr olan obyektin növbəti 12 ay (01.01.2026 – 31.12.2026) üçün icarə xidmətləri “Faktor Qrup-S-1” QSC-dən bir mənbə metodu ilə satın alınıb. İcarə xidmətinin ümumi məbləği 155 min 52 manat təşkil edir. Bu isə aylıq hesabla 12 min 921 manat deməkdir. Hesablamalara əsasən, obyektin bir kvadratmetrinin illik icarə haqqı təxminən 212 manat, aylıq icarə dəyəri isə 17,7 manat səviyyəsində formalaşıb”.

Yeri gəlmişkən, onu da aydınlaşdırdıq ki, AQTİ AZ1124, Azərbaycan, Bakı, Süleyman Sani Axundov küçəsi, 73C ünvanında yerləşir.

AQTİ-nin AQTA-nın yerləşdiyi binada yer icarəyə götürməsinin səbəbi isə buradan tam aydın oldu.

Beləliklə, xeyli gözlədikdən sonra yemək almaq növbəmiz çatdı. Yeməyi seçdik və kassirə yaxınlaşdıq. Qiymət heç də ucuz olmadı – təxminən 10 manata yaxın. Burada AQTA və AQTİ əməkdaşları üçün cüzi endirimin olduğu da öyrənə bildik. Yeməyimizi yedik və oradan çıxdıq.

Yeməkxanaya gələnlərin ardı-arası isə kəsilmirdi…

Qeyd edək ki, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevin AQTA-nın sədri Qoşqar Təhməzlinin biznes ortağının oğlu olduğu bildirilir.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq.

Qurum iddiaları təkzib edib.

Bildirilib ki, deyilənlər sadəcə uydurma xarakterli məlumatlardır.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr