“Aldığım müalicə davranışla bağlıdır, yəni insanın psixoloji durumu ilə əlaqəlidir. Tibbi və ya bildiyimiz medikamentoz müalicə deyil. Bu, tamamilə fərqli - “12 addım proqramı” üzrə aparılır”.
Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında dörd aydır “Qurtuluş” Reablitasiya Mərkəzində müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov deyib.
O bildirib ki, müalicəsinin bitməyinə az bir vaxt qalıb:
“Burada əsas məqsəd insanın sinir sisteminin normaya salınması, dəyərlərin yenidən formalaşdırılmasıdır. Bir çox fərqli proses baş verir. Doğrudur, bu da bir xəstəlik hesab olunur, amma klassik mənada bildiyimiz xəstəliklərdən fərqlənir. Məsələn, insanın hansısa orqanı ağır zədələnsə, onu əməliyyat edirlər və ya tibbi müdaxilə ilə müalicəsini aparırlar. Bu isə fərqli bir xəstəlikdir. Elə buna görə də müalicə prosesi də fərqli şəkildə həyata keçirilir”.
Onun sözlərinə görə, “12 addım proqramı” yeni deyil, artıq 90 ildir mövcuddur: “Yəni bu, Azərbaycanın kəşfi deyil, təxminən 90 il əvvəl ABŞ-da formalaşdırılıb və qəbul olunmuş bir proqramdır. Müalicə prosesi ümumilikdə 4 aydır ki, davam edir. Yekunlaşmağına 1 ay, 20 gün qalıb. Yəni prosesin böyük hissəsini keçmişik”.