AZ

TƏCİLİ! Azərbaycanda ÖLDÜRÜCÜ VİRUS yayıldı – Nə etməli? 

Son günlər Azərbaycanda uşaqlar arasında infeksion xəstəliklərin kəskin artması müşahidə olunur. Xüsusilə yüksək hərarət, ürəkbulanma, qusma, ishal, ümumi halsızlıq və iştahasızlıqla müşayiət olunan hallar valideynləri ciddi şəkildə narahat edir.

Tibb müəssisələrindən daxil olan məlumatlara görə, hazırda bir sıra uşaq xəstəxanalarında çarpayı fondu demək olar ki, dolub və müraciətlərin sayı adi mövsümi göstəriciləri xeyli üstələyir.

Həkimlərin bildirdiyinə görə, xəstələnən uşaqların əksəriyyətində həm tənəffüs yollarını, həm də mədə-bağırsaq sistemini eyni vaxtda zədələyən virus infeksiyalarına rast gəlinir. Klinik mənzərədə bəzən qızdırmanın 39–40 dərəcəyədək yüksəlməsi, güclü bədən ağrıları, baş ağrısı, davamlı qusma və susuzlaşma əlamətləri qeydə alınır. Bəzi ağır hallarda isə pnevmoniya və digər fəsadların inkişaf etdiyi bildirilir.

Adil Qeybulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda müşahidə olunan vəziyyət əsasən mövsümi virus infeksiyalarının mutasiyaya uğramış formaları ilə əlaqədardır və uşaqlar bu infeksiyalara daha həssasdır:

“Hazırda biz klassik təkcə respirator və ya təkcə bağırsaq infeksiyası görmürük. Viruslar kombinə olunmuş şəkildə orqanizmə təsir edir. Uşaqda həm öskürək, boğaz ağrısı, burun axıntısı olur, həm də qusma, ishal, yüksək hərarət müşahidə edilir. Bu isə valideynləri çaşdırır və gecikmiş müraciətlərə səbəb olur”.

Adil Qeybulla xüsusilə valideynlərin özbaşına müalicə üsullarına əl atmasını təhlükəli hesab edir.

Onun sözlərinə görə, son günlər uşaqlara sirkə ilə bədən silinməsi, banka qoyulması, spirtlə masaj edilməsi kimi üsulların tətbiqi halları artıb ki, bu da vəziyyəti daha da ağırlaşdıra bilər:

“Yüksək temperatur zamanı uşağın bədəninə sirkə və ya spirt sürtmək qətiyyən doğru deyil. Bu maddələr dəridən sorularaq intoksikasiyaya səbəb ola bilər. Banka qoymaq, müxtəlif ‘türkəçarə’ üsulları immun sistemini gücləndirmir, əksinə, infeksiyanın gedişini ağırlaşdıra bilər. Uşaqda 38 dərəcədən yuxarı hərarət varsa, mütləq həkimə müraciət edilməlidir”.

Professor qeyd edib ki, uşaqlarda xəstəliyin ilk günlərində düzgün yanaşma çox önəmlidir:

“Bol maye qəbulu, temperaturun tibbi vasitələrlə nəzarətdə saxlanılması və həkim təyinatı olmadan antibiotik istifadəsindən qəti şəkildə imtina edilməlidir”.

Onun sözlərinə görə, antibiotiklər viruslara təsir etmir və nəzarətsiz istifadə gələcəkdə daha ciddi problemlərə yol aça bilər.

Mütəxəssis valideynlərə uşaqları kütləvi yerlərdən uzaq tutmağı, gigiyena qaydalarına ciddi əməl etməyi, əllərin tez-tez yuyulmasını və xəstəlik əlamətləri olan uşaqları bağça və məktəbə göndərməməyi tövsiyə edib.

Adil Qeybulla bildirib ki, vaxtında tibbi yardım göstərildiyi halda xəstəliklərin böyük əksəriyyəti ağırlaşmadan sağalır.

Seçilən
105
12
nocomment.az

10Mənbələr