TƏBİB-in dəstəyi, Sabunçu Tibb Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat daxil olub.
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
Tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.
Tədbirdə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova bildirib ki, tibb müəssisəsi gələcəkdə də sosial həssas qruplara yönəlmiş layihələr həyata keçirməyi, uşaqların sağlam gələcəyi naminə tibbi maarifləndirmə və dəstək fəaliyyətlərini davam etdirməyi qarşısına məqsəd qoyub.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə isə göstərilən diqqət və qayğıya görə Sabunçu Tibb Mərkəzinin rəhbərliyinə və həkim kollektivinə təşəkkürünü bildirib, bu cür təşəbbüslərin uşaqlara yalnız tibbi yardım deyil, eyni zamanda mənəvi dəstək verdiyini də xüsusi vurğulayıb.