Ötən ilin avqust ayında “İzzət Kino Mükafatı”nın təsis edilməsi barədə ictimaiyyətə məlumat verilmişdi. Artıq mükafatlandırma mərasiminin qaliblərinin ən yaxın zamanda elan olunacağı bildirilir.
Hazırda “İzzət Kino Mükafatı”nın rəsmi dizaynı da tam hazırdır. Rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın canlandırdığı Sevil və Almaz obrazlarının sintezi əsasında yaradılıb. Poster Azərbaycan qadınının həm üsyankar ruhunu, həm də milli kimliyini əks etdirir. Kəlağayı, milli geyimin detalları, açıq saçlar və digər simvolik elementlər vasitəsilə təqdim olunan obraz kino lentləri ilə əhatələnərək Azərbaycan kinosunda qadın obrazını təmsil edir.
“İzzət Kino Mükafatı” rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə Azad Mirzəcənzadə İnkişaf Proqramının 2025-ci il üzrə ikinci dalğası çərçivəsində seçilmiş 10 qalib layihədən biridir.
Mükafatın rəsmi tərəfdaşları sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası yer alır. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq formalaşdırılıb. Hazırda mükafatın hazırlanması və son təşkilati məsələlər üzərində işlər aparılır. Yaxın günlərdə münsiflərin adları və mükafat kateqoriyaları ilə bağlı rəsmi açıqlama veriləcək.