Diasporla İş üzrə Dövlət Komitəsinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ənənəvi olaraq təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans Braziliya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Braziliyanın “Brasilia Infoco” xəbər saytının jurnalisti Fabiana Ceyhanın onlayn görüşlə bağlı qələmə aldığı məqalə yerli media orqanlarında dərc olunub. Yazıda Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyət barədə oxuculara geniş məlumat verilib.
Məqalədə komitənin fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verildiyi, qəbul olunan qərarların isə aydın və şəffaf mexanizmlər əsasında icra edildiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu yanaşma diaspor təşkilatları arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və daha səmərəli əməkdaşlığın qurulmasına xidmət edir.
Eyni zamanda, videokonfrans formatında keçirilən görüş coğrafi məhdudiyyətlərin aradan qaldırılmasına imkan verən, diaspor fəaliyyətində rəqəmsal modernləşməni təşviq edən mühüm hadisə kimi dəyərləndirilib.