ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ötən həftə əyləncə mərkəzində baş verən, ölümlə nəticələnən qəza valideynlər arasında ciddi narahatlıq yaradıb.
Uşaqların əylənməsi üçün nəzərdə tutulan bu məkanlarda təhlükəsizlik məsələlərinin nə dərəcədə təmin olunması yenidən müzakirə mövzusuna çevrilib. Hadisə bir daha göstərib ki, əyləncə adı altında fəaliyyət göstərən attraksion və avadanlıqlar risk mənbəyi ola bilər.
Bu baxımdan bütün avadanlıqların vaxtında yoxlanması, mütəmadi texniki baxışdan keçirilməsi və təhlükəsizlik standartlarına ciddi nəzarətin vacibliyi bir daha gündəmə gəlib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Cebheinfo.az” – a bildirilib ki, 2025-ci il ərzində Bakı şəhərində ümumilikdə 127 attraksionun fəaliyyəti yoxlanılıb:
”Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən istirahət və əyləncə mərkəzlərində istismar olunan mexanikləşdirilmiş attraksionların texniki vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılır.
Belə ki, agentlik tərəfindən 2025-ci il ərzində Bakı şəhərində ümumilikdə 127 attraksionun fəaliyyəti yoxlanılıb və 118 bənddən ibarət qüsur aktı tərtib olunaraq qüsurların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib”.
Qeyd edilib ki, xüsusilə, bir sıra obyektlərdə attraksionların istismarı üçün tələb olunan icazə və texniki sənədlərin mövcud olmadığı, həmçinin onların müntəzəm texniki baxışdan keçirilmədiyi müəyyən olunub:
“Bu cür hallar insanların həyat və sağlamlığı üçün təhlükə yaradır. Agentlik qanunvericiliyin tələblərinə uyğun olaraq, aşkar edilən çatışmazlıqların, həmçinin təhlükələrin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini attraksionları istismar edən şəxslərdən tələb edir və bu sahədə nəzarəti davam etdirir.
Vətəndaşlara yalnız təhlükəsizlik tələblərinə cavab verən, müvafiq icazələri olan attraksionlardan istifadə etmələri tövsiyə olunur”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.