Rusiya Xarici İşlər Nazirliyi saxlanılan “Marinera” tankerinin ekipaj üzvlərinin, o cümlədən rusiyalı dənizçilərin tez bir zamanda vətənə qaytarılması ilə bağlı təcili praktiki işlərə başladığını açıqlayıb. Bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Zaxarova bildirib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın tanker heyətində olan iki Rusiya vətəndaşının azad edilməsi ilə bağlı verdiyi qərarı dəstəkləyir.
Xatırladaq ki, yanvarın 7-də “Marinera” kimi tanınan M/V Bella 1 tankerinin saxlanıldığı məlum olub. Rusiya bayrağı altında üzən gəmi Şimali Atlantik okeanında, İslandiya sahillərindən təxminən 200–300 kilometr cənubda, Murmansk istiqamətində hərəkət edərkən həbs edilib.
ABŞ tərəfi tankeri Venesueladan neft daşınması ilə bağlı sanksiyaları pozmaqda ittiham edir və ekipaj üzvlərinə qarşı ittihamların irəli sürüləcəyini açıqlayıb. Rusiya XİN isə bəyan edib ki, tanker beynəlxalq sularda, Rusiya bayrağı altında və beynəlxalq dəniz hüququna tam uyğun şəkildə fəaliyyət göstərib. Nazirlik ABŞ və NATO hərbi qüvvələrinin gəmiyə göstərdiyi diqqəti əsassız adlandırıb.