AZ

Səhiyyə Nazirliyindən Nəsimi Nəbizadənin qaçdığı reabilitasiya mərkəzi ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi fəaliyyəti cəmiyyətdə ciddi müzakirələr səbəb olan Qurtuluş Reabilitasiya Mərkəzinin fəaliyyətinə münasibət bildirib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumun  Analitik Ekspertiza Mərkəzindən bildirib ki, tibbi xidmət göstərməyən reabilitasiya mərkəzləri Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığından, onların sayı üzrə vahid rəsmi statistika mövcud deyil.

Reabilitasiya mərkəzlərinin fəaliyyətinə nəzarət məsələsi onların fəaliyyət istiqamətindən asılıdır. Belə ki, əgər mərkəzdə bilavasitə tibbi fəaliyyət həyata keçirilirsə – yəni həkim mütəxəssislər cəlb olunursa, dərman vasitələrindən istifadə edilirsə, tibbi diaqnostika və ya resept yazmaqla müalicə aparılırsa – bu halda həmin müəssisələr digər özəl tibb müəssisələri kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilən müvafiq lisenziyaya malik olmalıdır.

Müəssisədə tibbi fəaliyyət göstərildiyi hallarda, cəlb edilən həkim və digər tibb işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ixtisas, sertifikasiya və rəsmi əmək münasibətləri tələblərinə cavab verməlidir.

Reabilitasiya mərkəzi tibbi müalicə fəaliyyəti həyata keçirmədiyi, yəni lisenziya tələb edən tibbi xidmət göstərmədiyi halda, həmin müəssisələrə nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Belə hallarda bu cür müəssisələrin fəaliyyəti qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət və hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilə bilər”.

Qeyd edilib ki, vətəndaşlardan və ya müvafiq qurumlardan lisenziyasız tibbi fəaliyyətə dair əsaslandırılmış müraciət və sübutedici sənədlər daxil olduqda plandankənar yoxlamalar aparılır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq dövlət qurumlarının rəsmi müraciəti əsasında aparıla bilər. Bu baxımdan, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlardan və ya aidiyyəti qurumlardan müəssisədə lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsinə dair əsaslandırılmış müraciət və sübutedici sənədlər daxil olduqda, həmin müəssisədə tibbi xidmət göstərilib-göstərilmədiyini müəyyən etmək məqsədilə plandankənar yoxlama apara bilər”.

Yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət faktı aşkar edildikdə, Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi, vəzifəli və ya fiziki şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilir, müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunur. Zərurət yarandıqda isə məsələ əlavə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına yönləndirilir.

AEM vətəndaşlara tövsiyə edir

Vətəndaşlar aptek təşkilatlarında və ya özəl tibb müəssisələrində qanunsuz və ya şübhəli tibbi fəaliyyət halları ilə rastlaşdıqda, Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə müraciət edə bilərlər:

“Bir pəncərə” sektoru

Qaynar xətt: (012) 596 05 20

Elektron poçt: [email protected]

Rəsmi veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
103
2
yenisabah.az

3Mənbələr