AZ

Britaniya müəssisələri dünyanın ən böyük mədən şirkətini yaratmaq niyyətindədir

Bakı, 9 yanvar, AZƏRTAC

Avstraliyada yerləşən Böyük Britaniyanın “Rio Tinto” dağ-mədən konserni ilə Britaniya-İsveçrə birgə müəssisəsi olan “Glencore” mədən şirkəti birgə dünyanın ən böyük mədən şirkətini yaratmaq üçün danışıqlar aparırlar.

AZƏRTAC xəbər verir ki, yeni şirkətin bazar kapitallaşmasının 200 milyard dolları ötəcəyi gözlənilir. Şirkətlər hazırda səhmlərin tam satın alınması da daxil olmaqla, bəzi və ya bütün bizneslərinin mümkün birləşməsini müzakirə edirlər.

Əgər sövdələşmə baş tutarsa, bu, dağ-mədən sektorunda indiyə qədərki ən böyük müqavilə olacaq. Yeni şirkətin uzun müddətdir dünyanın ən böyük mədən şirkəti titulunu daşıyan “BHP Group”a rəqib olacağı gözlənilir.

Mütəxəssislərə görə, danışıqların mis qiymətlərinin 13 min dolları keçdiyi bir vaxtda aparılması təsadüfi deyil və tamamilə məntiqli addımdır. “Rio Tinto” üçün “Glencore” ilə sövdələşmə mis istehsalını əhəmiyyətli dərəcədə artırmaq deməkdir.

“Rio Tinto”nun bütün bu aktivləri və biznesləri satın almaq niyyətində olub-olmadığı hələlik bəlli deyil. Britaniyanın satınalma qaydalarına əsasən, “Rio Tinto” fevralın 5-dək təklif verəcəyini və ya geri çəkiləcəyini təsdiqləməlidir.

Qeyd edək ki, həm “Rio Tinto”, həm də “Glencore” əhəmiyyətli dərəcədə mis ehtiyatlarına sahibdirlər. “Glencore”, həmçinin dünyanın ən böyük kömür istehsalçılarından biridir. “Rio Tinto” və “Glencore” yeni şirkətin yaradılması ilə bağlı ilk danışıqları 2024-cü ildə aparıb, lakin qiymətləndirmə ilə bağlı razılığa gələ bilməyiblər.

 

Seçilən
104
azertag.az

1Mənbələr