Yanvarın 9-da mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin Ucar şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Ucar rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Ucar, Zərdab, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstəriş verib. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək müraciətlərdə qaldırılan məsələlərin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.