AZ

“İrandan qaçqın axınına qarşı tədbir görməliyik” – Komitə sədrindən SENSASİON proqnozlar

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin budəfəki qonağı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadır. Millət vəkili İranda baş verən hadisələrlə bağlı suallarımızı cavablandırıb:

– Fazil bəy, qonşu ölkədəki etirazlar sistemin çöküşünə aparırmı, yoxsa rejim güc yolu ilə nümayişləri boğub mövcudluğunu hələ bir az da davam etdirə biləcək?

– Son hadisələr rejimin çöküşünü göstərən aksiyalardır. Əslində, İsraillə 12 günlük müharibə göstərdi ki, həmin vaxtdan İran rejimi islahatlara başlamalı idi. Amma ideoloji rejimlər heç vaxt islahata getmək anlayışını qəbul etmir. Eyni zamanda, bu proses xaricdən dəstəklənir. Faktiki olaraq, ABŞ və İsrail bu etirazlara dəstəyini açıq göstərir. Həmçinin, bu dövlətlər şahın nəvəsinə dəstək ifadə edirlər. Ona görə də sistemin çöküşü prosesi başlanıb. Ən əsası isə İranda sosial vəziyyət ağırdır. Təkcə milli valyutanın məzənnəsi məsələsi deyil, ciddi şəkildə su qıtlığı yaşanır. Bu da ölkədə narazılığı gücləndirib. Bu illər ərzində İrandakı rejimin proksi güclərə dəstəyi var idi deyə həmin maliyyə əhalinin sosial həyatına yönəldilmirdi. İndi İranın proksiləri əlindən çıxıb, neftini ucuz qiymətə satmaqla, Rusiyaya dron verməklə isə bu problemləri həll edə bilmir. Ona görə bu dalğa davam edəcək və dəhşətli bir proses gətirəcək.

– Azərbaycan üçün bu gedişatın hansı riskləri var?

– İranda yaşanan hadisələr bizim üçün təhlükə yaradır. Çünki İran iç savaşdan keçməli olacaq. Hazırda İsrail və ABŞ əsasən silahlı kürd qruplarını dəstəkləyir. Azərbaycanlılar isə sistemin içində olan qüvvələrdir. Belə demək mümkünsə, azərbaycanlılar sistemin qoruyucusu kimi çıxış edirlər. Çünki hakimiyyət başında olanlar da azərbaycanlılardır. Əslində, indi Pezeşkiana imkan verilməlidir ki, islahatlar aparsın. Amma nə qədərki ölkəni dini rejim və onun başında duran molla idarə edir, islahatlar aparmaq mümkün olmayacaq. Ona görə də bu hadisələr genişləndiyi halda, ABŞ və İsrailin hərbi müdaxiləsi belə istisna deyil. İndi rejimin 1 ayamı, 3 ayamı çöküşəcəyini dəqiq söyləmək çətindir, amma bu sonluq olacaq. Bizə gəldikdə isə Azərbaycan İranda dünyəvi dövlətin yaradılmasında maraqlı olmalıdır. Dünyəvi dövlət olanda Azərbaycan İranla normal qonşuluq münasibətləri qura bilər. Bu zaman ideologiyadan kənar, iqtisadi maraqların əsas götürüldüyü əlaqələr yaradılacaq. Ancaq İranın parçalanması kimi xülya reallaşmayacaq. Bəzi bisavad şərhçilər bu fikirləri səsləndirirlər. Amma Suriya, İraq hadisələri göstərdi ki, beynəlxalq güclər də dövlətlərin bölünməsini istəmir. İndiki mərhələdə nə ABŞ tərəfindən, nə başqa yerdən azərbaycanlıların hərəkatına dəstək verilir. Ona görə də İranın hələ demokratikləşməsi mümkün deyil. Molla zehniyyəti ilə zəhərlənmiş bir ölkəyə demokratiya gətirmək asan olmayacaq. Amma dünyəvi dövlət modelinin qurulması daha gözləniləndir. Yəni vətəndaşın şəxsi həyatına müdaxilə edilməyəcək, hamının seçiminə hörmətlə yanaşılacaq, ən əsası da iqtisadi maraqları həll edən bir dünyəvi dövlətin qurulması azərbaycanlılar üçün şansdır. Bundan başqa, biz qaçqın kütləsinin qarşısını almaq üçün ciddi tədbirlər görməliyik. Paralel olaraq da onlara dəstək verməliyik. Çünki İranın iç savaşından ən böyük zərər Azərbaycana dəyə bilər.

– Bəs şahın varisinin ölkəyə qayıdış ehtimalı nə qədərdir və İran xalqı pəhləviləri yenidən qəbul edərmi?

– İran xalqını bütöv götürmək olmaz. Bu məsələdə bir neçə baxış var. Amma şahın qayıdışı və orada bir despotik rejimin qurulması real görünmür. Hərçənd İsrail və ABŞ prosesi dəstəklədiyini gizlətmir. Əgər həmin qüvvələr şah variantı üzərində durursa, ona müqavimət göstərən bilən mollalara yaxın islahatçı qanad ola bilər. Bu islahatçı qanad isə özünü modern molla kimi təqdim etməyə çalışacaq. Yəni dünənə kimi vətəndaşı kranla edam edirdilər, islahatçı deyilən qüvvələr bunu fərqli formada edəcək. Ona görə də bir daha deyirəm, İranda dünyəvi dövlətin qurulmasında maraqlı olmalıyıq. Bu model sanksiyalardan qurtulmaq, insanın geyiminə qarışmamaqdan tutmuş, bütün insan azadlıqlarına sahiblənmək deməkdir. O baxımdan, istər şah, istər milli burjuaziya təmsilçiləri olsun, İranda dünyəvi idarəçiliyi təmin etməlidir.

Seçilən
39
1
editor.az

2Mənbələr