Vergi yoxlamaları nəticəsində pozuntu aşkar edildikdə əksər hallarda vergi borcunu və sanksiyasını ödəmək barədə qərar çıxarılır. Bu qərarla razı olmayan vergi ödəyicisinin şikayət vermək hüququ var. Bəs şikayətin verilmə qaydası və prosedur necə olur?
Mövzu əlaqədar AZƏRTAC-ın suallarına “Caspian Legal Center” Hüquq Şirkətinin İdarəedici Partnyoru Fərid Nəbili cavab verib. Müsahibəni təqdim edirik.
- Vergi şikayəti haraya verilir?
- Vergi orqanının həm kameral, həm də yoxlamalarının nəticələri barədə qərarından şikayət vermək mümkündür. Belə şikayəti yuxarı vergi orqanına və ya birbaşa məhkəməyə vermək mümkündür.
Qeyd etmək lazımdır ki, vergi orqanının qərarından, yəni yoxlamanın nəticəsindən yuxarı vergi orqanına şikayət 3 ay ərzində verilə bilər. Bu müddət vergi ödəyicisinin və ya digər borclu şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Üzrlü səbəbdən bu müddət buraxıldıqda, şikayət verən şəxsin ərizəsi əsasında müddət yuxarı vergi orqanı tərəfindən bərpa edilə bilər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə daxil olmuş müraciətlər istisna olmaqla, bu cür müraciətlərə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) tərəfindən baxılır. Şikayətçi həmin Baş İdarənin qərarlarından Dövlət Vergi Xidmətinin Apelyasiya Şurasına, Apelyasiya Şurasının qərarlarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına müraciət edə bilər.
- Səyyar vergi yoxlaması zamanı səhvləri könüllü düzəltmək olarmı?
- Vergi ödəyicisinin səyyar vergi yoxlaması aparılan zaman vergi orqanının təklifi əsasında yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri 30 gün müddətində düzəltmək hüququ vardır. Bu müddət bitənədək vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.
- Vergi şikayətinin hər hansı forması varmı?
- Vergi şikayətinin verilməsi üçün standart forma müəyyən edilməmişdir.
Bununla belə, şikayət ərizəsi yazılı formada təqdim olunur və ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
• şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
• şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
• barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
• şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
• şikayətin tərtib edildiyi tarix;
• şikayəti verən şəxsin imzası.
- Vergi şikayətinə hansı müddətdə baxılmalıdır?
- Vergi şikayətləri 30 iş günü ərzində araşdırılır və nəticə barədə şikayət verənə yazılı cavab təqdim olunur. Zəruri hallarda bu müddət bir dəfə 30 iş günü uzadıla bilər. Müddət uzadıldığı halda, bu barədə 3 iş günü ərzində şikayətçiyə məlumat verilməlidir.
- Vergi şikayəti nəticəsində çıxarılmış qərar hansı hallarda ləğv edilir?
- Vergi yoxlamasının keçirilməsi prosedurları pozulduqda çıxarılmış qərar ləğv edilir. Digər əsasda, Vergi Məcəlləsinə zidd olaraq qəbul edilmiş, yəni faktlara uyğun olmayan qərar, habelə Vergi Məcəlləsinin maddələri yanlış şərh edilməklə və ya yanlış tətbiq olunmaqla çıxarılmış qərarlar ləğv edilir.
Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrasının tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir.
Vergi yoxlamaları zamanı adətən yol verilən pozuntular və yoxlamalar barədə məhkəmə qərarları haqqında ətraflı olaraq bu məqalədən tanış ola bilərsiniz. Məqalə vergi işləri üzrə ixtisaslaşmış hüquq şirkəti olan Caspian Legal Center tərəfindən tərtib edilmişdir.
- Şikayətə baxılan dövrdə bank hesabları dondurula bilərmi?
- Vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə (və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin hesablarında məxaric əməliyyatları üzrə dondurula bilər.
Vergi vəkili xidmətləri
CLC vergi hüquqşünasları və vergi mübahisələri üzrə ixtisaslaşmış vergi vəkilləri sizə aşağıdakı xidmətləri göstərə bilər:
• vergi yoxlamasına qədər hazırlıq,
• könüllü qaydada potensial pozuntuların aradan qaldırılması və sanksiyaların qarşısının alınması
• qüsurlu vergi planları və vergi optimallaşdırma metodlarının qüsurlarının aradan qaldırılması
• vergi üzrə potensial risklərin hesablanması, nəzərə alınması və qabaqlayıcı tədbirlərin görülməsi
• vergi yoxlaması zamanı sahibkarın müşayiət edilməsi, yəni vergi yoxlaması zamanı ortaya çıxan sualların cavablandırılması, tələb edilən sənəd və məlumatların təqdim edilməsi
• qanun pozuntuları, o cümlədən prosessual pozuntular olan yoxlamaların nəticələrinin ləğv edilməsi
• yoxlama nəticəsində qəbul edilmiş qərarın əldə edilməsi və əsassız olduğu halda, yoxlama nəticələri barədə qərardan yuxarı vergi orqanına və ya məhkəməyə şikayətin verilməsi xidmətləri göstərə bilər.
Adətən hüquqlarınız pozulduqdan sonra onların bərpa edilməsi ilə bağlı daha çox resurs və vaxt tələb olunduğu halda, onların qorunması ilə bağlı öz müdafiə mexanizminizi qurmaq daha asan və ucuz başa gələcəkdir. Bununla belə, bu cür qabaqlayıcı addımlar biznes risklərini azaltmaqla sizin təhlükəsiz biznes imkanlarınızı və peşəkar imicinizi dəstəkləyəcəkdir.
Vergi yoxlamaları zamanı hüquqlarınızın peşəkar müdafiəsi və qanuni mənafelərinizin qorunması üçün e-poçt və mobil nömrə ilə bizimlə indi əlaqə saxlayın:
+994 50 289 89 73 (mobil və WhatsApp)