AZ

"Uşaqlara ev şəraitində sistem vurmaq təhlükəlidir" - Aytən Ziyadova

"Uşaqlara ev şəraitində sistem vurulması bir sıra tibbi risk və fəsadlara səbəb ola bilər. İlk növbədə, damar daxili maye infuziyasının düzgün tətbiqi tibbi təhsil və təcrübə tələb edir. Hər hansı bir səhv, damar yolunun düzgün açılmaması, mayenin düzgün infuziya edilməməsi və ya infuziyanın həddindən artıq sürətli verilməsi uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bundan əlavə, ev şəraitində sistem tətbiqi zamanı infeksiya riski də artır. Proseduru icra edən şəxs steril qaydalara əməl etmədikdə, mikrobların uşağın orqanizminə daxil olması mümkündür. Uşaqların immun sistemi tam formalaşmadığından, bu cür infeksiyalar daha ağır və riskli keçə bilər. Evdə sistem tətbiqi həm uşağın sağlamlığı üçün təhlükəlidir, həm də bu cür müdaxilələr yalnız peşəkar həkimlər tərəfindən, müvafiq şəraitdə və tibbi nəzarət altında aparılmalıdır. Həkimlər bu prosedurların yalnız xəstəxana şəraitində və zərurət olduqda icra edilməsinin vacibliyini vurğulayırlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında həkim-pediatr Aytən Ziyadova deyib.

Qeyd edək ki, son günlər yayılan virus infeksiyası fonunda bir çox valideyn uşaqlarına ev şəraitində sistem (damardaxili məhlul) vurdurmağa cəhd edir. Lakin bunun tibbi qaydalara zidd olduğu bildirilir. Belə ki, evdə uşağa sistem qoşulmasına icazə verilmir və tibb bacıları bu proseduru icra etməkdən imtina edirlər. Xəstəxanalarda isə sistem yalnız həkim müayinəsindən sonra və zərurət olduqda təyin edilə bilər. Adətən həkimlər uşaqlara sistem vurulmasını məqsədəuyğun hesab etmir və bu cür təyinat vermirlər. Hətta yaxın vaxtlarda uşaqlara sistem qoşulmasının tam qadağan ediləcəyi ilə bağlı iddialar da səsləndirilir.

Pediatr qeyd edib ki, uşaqların damarlarına sistemin düzgün olmayan texnika ilə tətbiqi infeksiya riskini daha da artırır.

Seçilən
13
aznews.az

1Mənbələr